"Tramp Marşrutu" üzərində geosiyasi döyüş: Moskva Zəngəzur dəhlizinə niyə eyham vurur? - ÖZƏL

Rusiyalı politoloq Mixail Aleksandrov "Tramp marşrutu" adlandırdığı Zəngəzur dəhlizinin gələcəyini Ermənistandakı siyasi dəyişikliklərlə əlaqələndirir.
Politoloq hesab edir ki, Ermənistan hökumətinin "Zəngəzur dəhlizi" ifadəsinə qarşı sərgilədiyi narazılıq səmimi deyil və yalnız ictimaiyyətlə əlaqələr (piar) məqsədi daşıyır. Aleksandrov iddia edir ki, dəhliz layihəsinin icrası artıq ABŞ-yə həvalə edilib və ABŞ-İsrailin İrana qarşı ehtimal olunan müharibəsindən sonra Azərbaycana təhvil veriləcək.
Aleksandrov bu "neo-müstəmləkəçi Tramp marşrutu"nun yalnız Ermənistanda hakimiyyət dəyişikliyi baş verdiyi və "ölkənin milli maraqlarını müdafiə edən qüvvələrin" iqtidara gəldiyi təqdirdə dayandırıla biləcəyini vurğulayıb. 

Maraqlıdır, Moskvanın Tramp marşrutu ilə əlaqədar konkret mövqeyi varmı? Paşinyan devrilərsə, dəhlizə nəzarət kimdə olacaq?

"Əslində, Rusiyanın bu məsələ ilə bağlı dəqiq mövqeyi yoxdur. Ancaq bir neçə istiqaməti ifadə edərək məsələyə eyham vurub. Əvvəla, Rusiya "Zəngəzur dəhlizi"nə prinsipial olaraq müsbət baxır, çünki bu dəhliz 2020-ci il 10 noyabr üçtərəfli bəyanatına daxildir və Rusiya sülhməramlılarının, sərhədçilərinin iştirakı ilə reallaşması nəzərdə tutulurdu. Amma "Tramp marşrutu" ifadəsi artıq layihənin ABŞ-nin nəzarətinə keçməsi iddialarını ehtiva etdiyindən, bu, Moskva üçün təhlükə kimi görünə bilər".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əfsanə İbrahimova deyib. Siyasi şərhçinin sözlərinə görə, Rusiya istəmir ki, Qafqazda nəqliyyat-kommunikasiya arteriyaları ABŞ-nin nəzarətinə keçsin, çünki bu, həm İranın zəifləməsi, həm də Çinlə Avropa arasındakı Rusiya vasitəçiliyinin zərbə alması deməkdir. 

"Digər tərəfdən, gəlin nəzərə alaq ki, Mixail Aleksandrov rəsmi dövlət nümayəndəsi deyil, lakin onun fikirləri Rusiya elitası içərisindəki təhlükəsizlik və hərbi dairələrin fikirlərini özündə  əks etdirir. O, "Strategiya və Texnologiyaların Təhlili Mərkəzi" kimi Moskvaya yaxın beyin mərkəzlərində işləyib və zaman-zaman Kremlə yaxın çevrələrin qeyri-rəsmi mövqelərini dilə gətirir. Aleksandrovun ritorikası propaganda xarakterlidir, o, Ermənistandakı prosesləri "xarici təsir"lə əlaqələndirərək, Kremlin bölgədəki müttəfiqlərinin zəifləməsindən narahat olduğunu göstərir", - deyə ekspert vurğulayıb.

Ə. İbrahimova əlavə edib ki, verilən açıqlama onu göstərir ki,  Rusiya üçün əsas problem dəhlizin mahiyyəti yox, onun geosiyasi nəzarətidir. Kreml üçün ən pis ssenari ABŞ və NATO-nun bölgədə nəqliyyat infrastrukturu üzərində nüfuz qazanmasıdır.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31