Milyarder Afeyandan Paşinyana mesaj: “Dostum Ruben azad olunmalıdır”

ABŞ-da yaşayan erməni mənşəli iş adamı, elm və texnologiya sahəsində dünyaca tanınmış fiqur Nubar Afeyan Ermənistanla Azərbaycan arasında gedən sülh prosesinə münasibət bildirib. O, ümid etdiyini deyib ki, bu proses bütün əsirlərin, o cümlədən dostu Ruben Vardanyanın azad olunmasına kömək edəcək.

Afeyan mediaya açıqlaması zamanı belə deyib:

"Ümid edirəm ki, sülh prosesi irəlilədikcə həm sülh, həm də ədalət bərqərar olacaq. Biz artıq iki ildir ki, həm digər ölkələrin liderlərinin, həm də yerli hökumətin diqqətini bu məsələyə cəlb etmək üçün fəal şəkildə çalışırıq. Ümid edirəm ki, biz buna nail olacağıq."

O, bu fikirləri bu gün keçirilən "Süni intellektin anatomiyası" adlı tədbirdə səsləndirib. Tədbirdə Ermənistan Baş naziri Nikol Paşinyan da iştirak edib.

Nubar Afeyan kimdir?

Nubar Afeyan 1962-ci ildə Beyrutda anadan olub. O, Livanda və Kanadada böyüyüb, daha sonra ABŞ-a köçüb. Massachusetts Texnologiya İnstitutunun (MIT) doktoru olan Afeyan "Moderna" biotexnologiya şirkətinin təsisçilərindən biridir - məhz bu şirkət COVID-19 pandemiyası dövründə dünyanın ilk mRNA peyvəndlərindən birini istehsal edib.

Hazırda o, Moderna-nın İdarə Heyətinin sədri və Flagship Pioneering adlı yüksək texnologiya və biotexnologiya sahələrinə sərmayə yatıran fondun rəhbəridir.

Afeyan uzun illərdir Ruben Vardanyanla yaxın dostdur. Onlar birgə bir çox anti-türk diaspor təşəbbüslərində, Azəbaycana qarşı informasiya müharibəsinin təşkilində, "erməni kimliyinin qorunması" layihələrində iştirak ediblər.

Ruben Vardanyan 2023-cü ildə Qarabağda saxlanılıb və hazırda Bakıda məhkəmə önündə əməllərinə görə cavab verir. Onunla birlikdə digər 22 erməni əsilli şəxs də cinayətlərinə görə mühakimə olunur.Musavat.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31