ABŞ-ın 500% tarif planı: Rusiya çökəcək, yoxsa dünya bazarı? - ÖZƏL
16:43 SiyasətCNN yazır ki, sanksiyalar Rusiyanı zəiflətsə də, müharibəni dayandırmır. Timoti Eşin sözlərinə görə, azalan enerji gəlirlərinə baxmayaraq, hərbi xərclər əvvəlkindən 4 dəfə çoxdur. ABŞ Konqresində iki partiyanın dəstəyi ilə qəbul edilən, lakin hələ səsverməyə çıxarılmayan Rusiya Sanksiyaları Aktında təklif edilən Rusiyadan enerji alan ölkələrə 500% tarif tətbiqi Rusiyanın iqtisadiyyatını və hərbi maşınını tamamilə məhv edəcək ciddi tədbir ola bilər.
"ABŞ Konqresində təqdim edilən "Rusiya Sanksiyaları Aktı" Senata təqdim olunsa da, hələ səsverməyə çıxarılmayıb. Bu o deməkdir ki, layihə respublikaçılar və demokratların bir hissəsi tərəfindən dəstəklənsə də, hələ qanuniləşməyib. Layihədə Rusiyadan enerji alan ölkələrə 500 faiz tarif tətbiq olunması təklifi yer alsa da, bu göstərici ciddi məhdudiyyətlər və çağırışlar doğurur. Belə bir addımın beynəlxalq ticarət qanunlarına uyğun həyata keçirilməsi, beynəlxalq ictimaiyyətin reaksiyası və Rusiyanın və tərəfdaşlarının mümkün sərt cavabları nəzərə alınmalıdır".
Bu fikirləri politoloq Elmir Səftərov Olaylar.az-a açıqlamasında söyləyib:
" Həmçinin ABŞ Prezidentinin layihəni təsdiq etməsi də indiki halda real görünmür. Praktikada daha aşağı faizlər tətbiq olunması ehtimalı daha yüksəkdir.
Layihə qəbul olunsa, Rusiya iqtisadiyyatına ağır zərbələr dəyə bilər. Ölkənin büdcə gəlirlərinin böyük hissəsi Avropa və Asiya bazarlarından asılıdır. Tariflərin tətbiqi bu ölkələri alternativ bazarlar axtarmağa məcbur edə və ənənəvi tərəfdaşlıqlara təsir göstərə bilər. Eyni zamanda, layihə qlobal enerji bazarında qiymətlərin yüksəlməsinə səbəb olacaq. Ümumdünya Ticarət Təşkilatının qaydalarına görə bu, bazar sabitliyini poza bilər. Rusiya isə alternativ bazarlara yönəlməklə sanksiyaların bir hissəsini kompensasiya edə bilər.
Ümumilikdə, 500 faiz tarifin tətbiqi çətin görünür. Lakin mərhələli şəkildə qəbul olunsa, bu, Rusiyaya iqtisadi təzyiq yaratmaqla yanaşı, bəzi ölkələrin enerji əhəmiyyətini artıracaq və qlobal enerji bazarında yeni alternativlərin formalaşmasına səbəb ola bilər".
Zeynəb Mustafazadə