500% enerji tarifi: Rusiyaya "ölümcül" zərbə, yoxsa Qərb üçün təhlükə? – ÖZƏL
15:57 Siyasət""CNN-in və "Chatham House" ekspertlərinin qeyd etdiyi kimi, Qərbin sanksiyaları Rusiya iqtisadiyyatını zəiflətsə də, Kreml müharibə maşınını dayandırmaq niyyətində deyil. Əksinə, hərbi xərclərin 2023-2024-cü illərdə iqtisadi artım yaratması Moskvanın öz iqtisadi strukturunu tamamilə "müharibə iqtisadiyyatı" modelinə uyğunlaşdırdığını göstərir. Lakin indi söhbət yeni və çox sərt addımdan gedir. Yəni, Rusiyadan enerji idxal edən ölkələrə 500% tarif tətbiq edilmısi nəzərdə tutulur. Bu təklif ilk baxışda Moskva üçün "ölümcül" zərbə kimi görünür, amma onun geosiyasi və iqtisadi nəticələri təkcə Rusiya üçün deyil, Qərb üçün də dağıdıcı ola bilər."
Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi şərhçi Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert əlavə edib ki, bu birincisi, 500%-lik tarif qlobal enerji bazarlarında qiymət şokuna səbəb ola bilər, yalnız Rusiya qazına və neftinə deyil, bütün enerji daşıyıcılarının qiymətinə təsir edəcək. Qeyd edim ki, Avropa sənayesi, xüsusilə Almaniya, İtaliya və Şərqi Avropa ölkələri bundan birbaşa zərbə alar. Əgər ABŞ bu tarifi tətbiq edərsə, enerji tədarükündə balans pozular və Asiya bazarları, xüsusən də Çin və Hindistan daha sərfəli Rusiya resurslarını ucuz qiymətə əldə edərək strateji üstünlük qazanmış olar. İkincisi, belə bir tarif Qərbin öz iqtisadi maraqları ilə ziddiyyət təşkil edir. Çünki Rusiya enerjisi bir çox Avropa ölkələri üçün hələ də kritik əhəmiyyət daşıyır. Alternativ enerji mənbələri tam formalaşmadığı üçün bu cür qərar inflyasiyanı Avropada daha da artırar, istehsal xərclərini yüksəldər və sosial gərginliyi gücləndirər. Üçüncüsü, ABŞ-nin bu tarifi birtərəfli qaydada tətbiq etməsi beynəlxalq ticarət hüququ və ÜTT prinsiplərinə ziddir. Bu addım yalnız Rusiya deyil, həm də onunla ticarət edən Avropa və Asiya ölkələri arasında münasibətləri kəskinləşdirər. Yəni bu, sanksiya deyil, beynəlxalq iqtisadi müharibənin yeni mərhələsi olar.
B.Quliyev qeyd edib ki, bütün bunlara görə, 500%-lik tarif ideyası real siyasi tədbirdən çox, psixoloji və diplomatik təzyiq vasitəsidir. ABŞ bu mesajla həm Rusiyaya, həm də onunla əməkdaşlıq edən ölkələrə "enerji asılılığının təhlükəsini" xatırladır. Lakin belə bir addımın praktik tətbiqi nə iqtisadi, nə də hüquqi baxımdan hazırda real görünür.
Sanksiyaların əsas məqsədi müharibəni dayandırmaq olmalıdır, lakin Qərb hərbi büdcəni şişirdən, cəmiyyətini səfərbər edən və iqtisadiyyatını müharibəyə uyğunlaşdıran bir Rusiya ilə üz-üzədir. Bu reallıqda siyasi müdriklik iqtisadi intiqamdan daha önəmlidir.
Sevda Dəniz