ATƏT sədrinin Azərbaycana səfəri TƏXİRƏ SALINDI - Rəsmi Bakı səbəbi AÇIQLADI

ATƏT sədrinin Azərbaycana səfərinin təxirə salınmasının səbəbi bilinib.

XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Musavat.com-a bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenin bölgəyə səfəri Azərbaycan Respublikasından başlamalı idi.

"Bu səfər 13 oktyabr tarixinə nəzərdə tutulmuşdu. Lakin cənab Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitinə dəvət edilməsi və onun, habelə rəhbərlik etdiyi nümayəndə heyətinin sammitdə iştirak etməsi səbəbindən qeyd edilən səfər təxirə salındı. Hazırda Finlandiya xarici işlər nazirinin ölkəmizə səfərinin yeni tarixləri üzərində iş aparılır", - XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, ATƏT sədri bu gün Ermənistana səfər edərək xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. O, Gürcüstana da səfər edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31