Aleksandrovun iddiaları: Rusiya Cənubi Qafqazda hansı addımı atmağa hazırlaşır?- ÖZƏL

Rusiyalı politoloq Mixail Aleksandrov hesab edir ki, "Tramp marşrutu" (Zəngəzur dəhlizi) layihəsinin taleyi Ermənistandakı siyasi vəziyyətdən asılıdır. O, Ermənistan hökumətinin dəhlizə qarşı qəzəbinin səmimi olmadığını, bunun yalnız piar cəhd olduğunu bildirir. Aleksandrovun fikrincə, layihənin icrası artıq ABŞ-a həvalə edilib və İrana qarşı müharibədən sonra Azərbaycana təhvil veriləcək. Dəhliz yalnız Ermənistanda hakimiyyət dəyişsə və "milli maraqları qoruyan insanlar" iqtidara gəlsə dayandırıla bilər.
Moskvanın Tramp marşrutu ilə əlaqədar konkret mövqeyi varmı?Aleksandrov nə dərəcədə rəsmi Kremlin mövqeyini ifadə edir?
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib: 
" Ümumiyyətlə, bu məqamda Moskvanın nəinki Zəngəzur koridoru ilə bağlı, heç koridorun Ermənistandan keçən hissəsi və "Tramp marşrutu" adlanan o 45 km-lik hissəsi ilə bağlı da konkret mövqeyi yoxdur. Həmçinin Ermənistanın özü ilə bağlı da konkret siyasi qərarı yoxdur, çünki Moskva özü indi təlatümlər içərisindədir. Ukraynada əməliyyatlar və strateji məğlubiyyət Rusiyanın həm Cənubi Qafqazda, həm də dünyanın digər bölgələrində daha açıq, cəsarətli addımlar atmasına problem yaradır. Moskva hesablayır ki, o, onsuz da Ukraynada mürəkkəb münaqişə şəraitindədir və bu münaqişə hər an NATO-Rusiya münaqişəsinə çevrilə bilər. Bu iki böyük güc arasında ciddi müharibə ehtimalı da ortaya çıxa bilər.
Belə olan halda Cənubi Qafqaz və digər bölgələrdə Moskva çalışır ki, özünə yeni düşmənlər qazanmamalı, amma paralel olaraq, Ukraynadakı təlatümlər bitənə qədər digər bölgələrdə üstünlüyünü əldən verməsin və təsir dairələrini qoruyub saxlasın.
Amma bugün Ermənistanda baş verənlər və Paşinyanın davamlı anti-Rusiya mövqeyindən çıxış etməsi, Ermənistana xarici siyasət xəttində qərbi əsas tərəfdaş kimi dəyərləndirməsi və buna uyğun addımlar atması Moskvanı çaşdırır. Moskva bura qədər hesab edirdi ki, onun təsirlərinin heç vaxt bitməyəcəyi və həmişə asılı vəziyyətdə saxlaya biləcəyi dövlətlərdən biri Ermənistan olacaq. Amma indi görürük ki, Nikol Paşinyan bir inqilabla iqtidara gəldikdən sonra ölkəsində rus təsirini bütün sahələrdə azaltmağa çalışır. Televiziyalarda rusdilli proqramlara qarşı mövqe, iqtisadiyyatın şaxələndirilməsi və Moskvadan asılılığın azaldılması, texniki-siyasi məsələlərdə yeni tərəfdaşlar axtarışı - bunların hamısı Paşinyan və yeni tərəfdaşlar vasitəsilə Moskvadan asılığı azaltmaq üçün atılan addımlardır. Bütün bunlar Rusiyanı düşündürür ki, Ermənistan məsələsində nə etmək lazımdır ki, həm düşmənçilik yaranmasın, həm də təsirlərini qoruyub saxlaya bilsin. Əgər xüsusi anti-Ermənistan hərəkatı başlayarsa və Moskva uğursuz olarsa, bu, Ermənistanı itirmək riski deməkdir. Amma Moskva həmçinin çalışır ki, elə bir təsir mexanizmi yaratsın ki, Ermənistanın Moskvanın əlindən çıxması da məhdudlaşdırılsın. Ona görə də Tramp marşrutu məsələsində də Moskva hələ sual qarşısındadır. Radikal addım atmalı, mülayim yanaşmalı, yoxsa Ermənistana güvənib məsələyə onun xarici siyasət prizmasından baxmalı - bu suallar hələ cavabsızdır. Aleksandrov fikirləri tamamilə Moskvanın maraqlarına hesablanır və dövlətinin mövqeyindən çıxış edərək münasibət bildirir.
Məsələn, "Tramp marşrutu" adlandırması tamamilə Moskvanın maraqlarını əks etdirir. Kimsə bilə bilməz ki, o yol Trampın qoyduğu şərtlərlə açılsa, Ermənistan üçün, bizim üçün, ümumiyyətlə, dünya üçün faydalı olacaq, yoxsa faydasız. Sanki Aleksandrov bir qınaq içindədir və məsələyə diqqəti gözdən salmağa çəkir. Kreml Paşinyan devrilərsə, dəhlizə nəzarət məsələsində Ermənistanın mövqeyi birbaşa müəyyənləşməyəcək. Yəni Paşinyan devrilsə də, devrilməsə də və ya Ermənistan güclü olsa da, zəif olsa da, Zəngəzur koridoru məsələsi ümumi beynəlxalq marşrutun sadəcə bir hissəsidir. Ermənistandan keçən hissəsi isə "Tramp marşrutu" adlanır və bu ərazinin nəzarəti Ermənistandan asılı deyil, gücü yoxdur.
Paşinyan devrilərsə, yerinə Rusiyaya, Avropaya və ya Türkiyəyə meyilli yeni iqtidar gəlsə də, onun söz haqqı bu günkü Paşinyanın söz haqqından yaxşı olmayacaq. Bu, beynəlxalq məsələyə çevriləcək və beynəlxalq konsensusla həll yolu tapılacaq.
Əvvəl Moskvanın bu regionda dominantlığı uğursuz olsa da, bundan sonra da vəziyyət eyni şəkildə davam edəcək. Çünki Azərbaycan da, Ermənistan da fərqindədir ki, Rusiya keçmişdə olduğu kimi, bu dəhliz məsələlərinə və Cənubi Qafqazın siyasi həyatına tərəfli yanaşmır. O, imperiya maraqlarından çıxış edir və tərəflərlə əməkdaşlığı öz dominantlığı şəraitində tələb edir ki, bu da müstəqil xarici siyasət yürüdən dövlətlərin maraqlarına ziddir.
Buna görə də Paşinyanın devrilməsi və ya hər hansı üstünlük şəraitində belə Rusiyanın geri dönüb Qafqazda söz sahibi olması və ya Tramp marşrutu üzərində hakim olması mümkün deyil. Zamanla beynəlxalq koalisiya şəklində tərəflərin konsensus əldə etməsi ilə problem həllini tapacaq". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31