Azərbaycan MDB məkanında ortaq inkişaf modelinin formalaşmasında mühüm rol oynayır- ÖZƏL
13:41 Siyasət"Azərbaycan və Tacikistan prezidentlərinin mütəmadi görüşləri, qarşılıqlı səfərləri və imzalanmış sazişlər bu münasibətləri strateji əməkdaşlıq səviyyəsinə yüksəldib. Bu əməkdaşlıq təkcə iki ölkə arasında deyil, həm də MDB məkanında ortaq inkişaf modelinin formalaşmasına xidmət edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib: "Prezident İlham Əliyevin Düşənbədə söylədiyi fikirlər bu münasibətlərin qarşılıqlı etimad və dostluq üzərində qurulduğunu bir daha təsdiqlədi: "Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlər ardıcıl inkişaf edir. Onlar qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir." Bu yanaşma MDB-nin mahiyyətinə uyğun olaraq, təşkilat daxilində dövlətlərarası münasibətlərin bərabərhüquqlu və səmərəli inkişafı üçün mühüm nümunədir.
Cənab Prezidentin çıxışında diqqətçəkən əsas məqamlardan biri Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin 2025-ci il üçün MDB-nin mədəniyyət paytaxtı seçilməsi ilə bağlı idi. Dövlət başçısının bu qərara görə həmkarlarına təşəkkür etməsi və Laçında görülən bərpa işlərini xüsusi qeyd etməsi Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi quruculuq siyasətinin beynəlxalq miqyasda nümunə kimi qəbul olunduğunu göstərir. Ölkə rəhbəri İlham Əliyev çıxışında bildirdi ki, bu ilin iyununda Laçında MDB-nin "Mədəniyyət paytaxtı ili"nin açılış mərasimi keçirilib, iştirakçılar şəhərin qısa müddətdə necə dirçəlməsinin şahidi olublar".