Azərbaycan MDB məkanında sabitliyin dayağıdır- ÖZƏL
12:08 Siyasət"Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında Prezident İlham Əliyevin çıxışı Azərbaycanın MDB məkanında artan nüfuzunun parlaq göstəricisi oldu. Bu çıxış həm siyasi, həm humanitar, həm də mədəni aspektlərdə Azərbaycanın liderliyini nümayiş etdirdi". "Olaylar" xəbər verir ki, bunu YAP Şuşa rayon təşkilatının 16 saylı ərazi partiya təşkilatının sədri Rəsmiyyə Məmmədova deyib: "Prezident İlham Əliyev bir daha MDB məkanında dostluq, əməkdaşlıq və qarşılıqlı hörmətin vacibliyini vurğuladı. Onun nitqində sülh və tərəqqi ideyası əsas xətti təşkil edirdi.
Laçının MDB-nin mədəniyyət paytaxtı elan olunması və Gəncədə III MDB Oyunlarının keçirilməsi bu siyasətin praktiki nəticəsidir. Hər iki hadisə Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırmaqla yanaşı, onun sabitlik dayağı rolunu da gücləndirdi.
Düşənbə platformasından verilən mesajlar MDB ölkələri üçün yeni əməkdaşlıq mərhələsini başlatdı. Azərbaycan burada təşəbbüskar, etibarlı və balanslı tərəfdaş kimi çıxış edir. Prezident İlham Əliyevin çıxışı göstərdi ki, Azərbaycan artıq yalnız regional deyil, beynəlxalq miqyasda da əməkdaşlığın və inkişafın lokomotividir".