Britaniya Azərbaycana silah embarqosunu tamamilə LƏĞV ETDİ
11:43 SiyasətBöyük Britaniya Azərbaycan və Ermənistana qarşı silah embarqosunu tamamilə ləğv edir.
Olaylar.az xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dautin Böyük Britaniya parlamentinin saytında dərc olunmuş yazılı açıqlamasında bildirib.
Bəyanatda qeyd edilir ki, London Ermənistan və Azərbaycan arasında sülh prosesində irəliləyişi alqışlayır.
Nazirin sözlərinə görə, bu, "sülh və sabitliyə doğru mühüm addımdır".
Dautin xatırladıb ki, avqustun 8-də Vaşinqtonda ABŞ prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli sammit keçirilib. Zirvə görüşündən sonra sülh müqaviləsi paraflanıb və bəyannamə imzalanıb.
Sənədə əsasən, Böyük Britaniya Azərbaycan və Ermənistanla münasibətlərini ticarət, təhlükəsizlik və müdafiə sahələrində strateji tərəfdaşlığa yüksəltmək qərarına gəlib.
"Biz Minsk qrupunun buraxılmasını dəstəklədik. Əldə olunan irəliləyişi nəzərə alaraq hesab edirik ki, ATƏT-in 1992-ci il embarqosu aktuallığını itirib. Böyük Britaniya Ermənistan və Azərbaycana silah embarqosunu tamamilə aradan qaldırır. Bu, təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirməyə və ölkələrə hibrid təhdidlərə cavab daxil olmaqla, suverenliyi və ərazi bütövlüyünü qorumağa kömək edəcək. İxrac lisenziyaları ciddi meyarlara görə fərdi olaraq nəzərdən keçiriləcək.
Biz bölgədəki vəziyyəti izləyəcəyik. Ümid edirik ki, bu, Cənubi Qafqazda sülhə, təhlükəsizliyə və firavanlığa yol açacaq. Böyük Britaniya bu dəyişiklikləri və regional sabitliyi dəstəkləmək üçün hər iki ölkə, ABŞ, Aİ və digər tərəfdaşlarla əməkdaşlıq etməyə hazırdır".