Rusiya həmişə rus dilindən siyasi məqsədləri üçün istifadə edib- ÖZƏL

"Rusiya prezidenti Vladimir Putinin Tacikistanın paytaxtı Düşənbədəki çıxışında "Azərbaycan demək olar ki, rusdilli ölkədir" söyləməsi şübhəsiz ki, iki dövlət arasında humanitar, mədəni əlaqələrin mövcudluğuna deyil, Azərbaycana siyasi-psixoloji təzyiq xarakterlidir". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Vüqar Dadaşov deyib: "Bu o deməkdir ki, Düşənbədə Azərbaycan prezidenti İlham Əliyevlə görüşən Rusiya prezidenti Vladimir Putin istədiyi "istiləşməyə" nail olmayıb və həmin görüşdən sonra Azərbaycana qarşı nifrət və qıcığını cilovlaya bilməyib. Əslində, Putin bu açıqlaması ilə Azərbaycan dövlətinə, ictimaiyyətinə illərlə deyilən "rus dili" təhlükəsinin reallığını təsdiqləmiş oldu. Təbii ki, Azərbaycanda 340-a yaxın rusdilli məktəbin mövcudluğu və həmin məktəblərdə rus şovinizminin, rus hegemonluğunun, rus "böyüklüyün", rus "qədim və zəngin tarixinin" əzəmətini təbliğ edilir. Bununla da rus meyilli, rus mahiyyətli, ruslaşdırılmış azərbaycanlılar yetişdirilir. Təsəvvür edin, 2019-cu ilə qədər rusdilli məktəbləri bitirənlər ali məktəblərə qəbul zamanı Azərbaycan dilindən heç imtahan da vermirdilər.
Rusiya həmişə, xüsusən də SSRİ dövründən rus dilindən siyasi məqsədləri üçün istifadə edib, mənəvi, siyasi və fiziki işğallar üçün elm və təhsil, mədəni və humanitar pərdə ilə geniş "ruslaşdırma" siyasətini davam etdirib. Rusiya 90-cı illərdə Moldovanın Dnestryanı bölgəsini rusdilli əhalinin müdafiəsi adı altında işğal etdi, Gürcüstanın Abxaziya və Osetiya bölgələrini də rusdilli əhalinin müdafiəsi adı altında ələ keçirərək, faktiki öz bölgələrinə çevirdi. Ukraynaya qarşı təcavüzkar müharibə və ölkənin şərqini də "rusdilli əhalinin müdafiəsi" adı ilə başlayıb indi də davam etdirir. Qazaxıstana torpaq və ərazi iddiası da "rusdilli əhali"nin müdafiəsi ilə formalaşdırılır. Putin indi də "Azərbaycan rusdilli ölkədir" açıqlaması ilə Azərbaycana qarşı əsası yaratmağa çalışır.
Xatırlatmaq yerinə düşər ki, Rusiya Qarabağda (2020-2024 illər) sülhməramlıları yerləşdirdiyi ilk andan orada rus icmasının formalaşması, rusdilli məktəblərin açılması, əhaliyə rus pasportlarının paylanması ilə məşğul idi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31