Azərbaycan, İran və Rusiya arasında əməkdaşlıq məsələlərinə həsr olunan üçtərəfli görüşə dair Kommünikenin TAM MƏTNİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk və İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadeq arasında 2025-ci ilin 13 oktyabr tarixində Bakı şəhərində üçtərəfli görüş keçirilib.

Olaylar.az-ın məlumatına görə, görüş zamanı Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası arasında nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub və üçtərəfli görüşün nəticələrinə dair Kommünike qəbul olunub.

Kommünikedə bildirilib ki, üçtərəfli əməkdaşlıqdan məmnunluq ifadə olunaraq Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı faydalı iqtisadi-ticari əməkdaşlığın təşviqi, regionun iqtisadi artımı üçün təhlükəsiz və etibarlı regional və beynəlxalq nəqliyyat dəhlizlərinin və energetika sahəsində layihələrin inkişaf etdirilməsi baxımından Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası Prezidentlərinin 8 avqust 2016-cı il tarixli Bəyannaməsinin və 1 noyabr 2017-ci tarixli Birgə Bəyanatının rəhbər rolu vurğulanıb.

Görüşdə regionun tranzit potensialının inkişafı ilə bağlı səylərin davam etdirilməsinin vacibliyi vurğulanaraq nəqliyyat kommunikasiyalarının inkişafına və şaxələndirilməsinə yönəlmiş layihələrin sürətləndirilməsi, bu xüsusda ölkələrin müvafiq ərazilərində "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi boyunca infrastrukturun genişləndirilməsi işlərinin sinxron şəkildə həyata keçirilməsinin əhəmiyyəti qeyd edilib.

"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi üzrə daşımaların həcminin 15 milyon tona çatdırılması üçün tədbirlərin görülməsi və yük axınlarının davamlı artımının təmin edilməsinin vacibliyi vurğulanıb. Planlaşdırılan tədbirlər üzrə Fəaliyyət Planının 3 ay müddətində hazırlanması üçün İşçi qrupunun yaradılması barədə razılıq əldə olunub.

Eyni zamanda, görüş zamanı 3 ölkənin gömrük, sərhəd və nəqliyyat qurumlarının nümayəndələrindən ibarət avtomobil daşımaları üzrə xüsusi İşçi qrupunun yaradılması barədə razılıq əldə olunub.

Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası arasında tranzit daşımalarının təşviq edilməsi məqsədilə gömrük orqanlarının qarşılıqlı fəaliyyəti üzrə üçtərəfli işçi qrupunun əsasnaməsinin imzalanması məmnunluqla qeyd olunub.

"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin potensialından tam şəkildə istifadə edilməsi üçün "Rəşt-Astara" dəmir yolu xəttinin inşasının, eləcə də dəhlizin komponentlərindən olan müvafiq dəmiryolu terminalı tikintisinin tamamlanmasının əhəmiyyəti qeyd olunmub.

Görüş əsnasında Araz çayı üzərində "Ağbənd-Kəlalə" avtomobil yolu körpüsünün tikintisi, o cümlədən sərhəd-buraxılış məntəqələrinin inşası üzrə işlərin yekunlaşdırılmasının üçtərəfli əlaqələrin möhkəmləndirilməsi baxımından vacibliyi qeyd edilib.

Dəhliz boyunca sərhəd-keçid prosedurlarının sadələşdirilməsinin, nəqliyyat, sərhəd və gömrük əməliyyatlarının rəqəmsallaşdırılmasının zəruriliyi vurğulanıb.

Görüş zamanı Azərbaycan, İran və Rusiya arasında elektrik şəbəkələrinin əlaqələndirilməsi layihəsi üzrə texniki səviyyədə müzakirələrin davam etdirilməsi məqsədəuyğun sayılıb.

Müzakirələr zamanı 14 oktyabr 2025-ci il tarixində "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin mühüm infrastruktur layihələrinə yerində birgə baxış keçirilməsi barədə razılıq əldə edilib.

Yekunda nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün birgə səylərin davam etdirilməsi məqsədəuyğun hesab edilib.

Bu Kommünike 13 oktyabr 2025-ci il tarixində Bakı şəhərində ingilis dilində qəbul olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31