Yaxın Şərqdə sülh sammiti: Azərbaycan beynəlxalq səhnədə ön planda – ÖZƏL
16:35 Siyasət"Bu gün dünyanın ən mühüm məsələlərindən biri baş verir. Paytaxt Şarm əl-Şeyxdə İsrail-Fələstin müharibəsinin dayandırılması, yəni atəşkəsin elan olunması ilə bağlı böyük tədbir keçirilir. Artıq bu tədbirdə 20 dövlət liderinin iştirakı təsdiqlənib".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev də bu tədbirdə iştirak edir. Azərbaycan bu təşəbbüsdə həm ölkəmizin, həm də Prezident İlham Əliyevin beynəlxalq aləmdə nüfuzunun artması baxımından aktiv rol oynayır. Artıq hətta yaxın Şərqdə problemlərin həllində Azərbaycanın rolu qəbul olunur. Azərbaycan dünyanın ən çətin problemlərinin həllində iştirak edir və ölkəmizin bu məsələlərdə rolunu vacib sayırlar. Azərbaycan yalnız Cənubi Qafqazda deyil, qlobal səviyyədə də müxtəlif təşəbbüslərdə yaxından iştirak edir ki, bu da ölkəmizin və Prezidentin nüfuzunun artmasına səbəb olur.
"Azərbaycan artıq Suriyaya qaz verən ölkələrdən biridir və bu, yaxın Şərqdə Azərbaycanın aktiv iştirakını və əhəmiyyətli aktor rolunu göstərir. Bu, Azərbaycanın yaxın Şərqdəki iştirakını açıq şəkildə sübut edir və təsdiqləyir", - deyə ekspert qeyd edib.
Bu sammitin regiona real təsirləri nələrdir?
Şübhəsiz ki, bütün dünya bu atəşkəs prosesini alqışlayır. Biz bilirik ki, Qəzza hazırda humanitar böhran içindədir və orada genosid törədilir. 21-ci əsrdə insanlar, hətta uşaqlar belə, həlak olurlar. İki gündür burada atəşkəs davam edir. Məlumata görə, birinci mərhələdə İsrail qoşunları müəyyən xəttə qədər geri çəkilib və HƏMAS da bugün üçün 20 nəfər girovu geri qaytarıb. Bu, ümidverici bir addımdır və prosesin davam etməsinə ümid yaradır. Arzu edirik ki, bu proses uğurla davam etsin.
"Tramp da bu prosesdə iştirak edib. O, İsrail parlamentində çıxış edib və ən böyük mükafat olan Nil mükafatına layiq görülüb. Bu addımların məqsədi yaxın Şərqdə sülhün bərqərar olmasına xidmət edir. Əlbəttə, bu gün tam sülhün təmin olunması hələ çətindir. Bu, həm İsrailin, həm də Netanyahunun gələcək siyasətinə, həm də HƏMAS-ın mövqeyinə bağlıdır. Təbii ki, bu tərəflər prosesin davam etməsində maraqlı olmalıdırlar. Əvvəllərdə belə proseslər olub, lakin təəssüflər olsun ki, sonradan qarşıdurmaya çevrilib.
Ümid edək ki, bu proses yenidən kəskin qarşıdurmaya çevrilməyəcək və nəticədə yaxın Şərqdə sülh üçün ümid yaranacaq. Yəni bu gün artıq tam sülhün əldə olunması mümkün deyil. Reallıq budur və proses mürəkkəbdir", - deyə ekspert sonda vurğulayıb.
Sevda Dəniz