Yaxın Şərqin gələcəyi Şarm əl-Şeyxdə müəyyənləşir – Azərbaycan ön sırada - ÖZƏL

"Misirin Şarm əl-Şeyx şəhərində  Qəzza ilə bağlı keçiriləcək konfransda 20-yə yaxın dövlət və hökumət başçısının iştirakı gözlənilir. Bunlardan başqa, bir sıra beynəlxalq təşkilatların, o cümlədən BMT-nin Baş katibi və Ərəb Liqasının Baş katibinin də iştirak edəcəyi bildirilir. Bu konfransın əsas məqsədi Qəzzada həyata keçirilən Tramp planının icrası məsələsidir". 

Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib: 
" Artıq bu planın birinci mərhələsi böyük ölçüdə yerinə yetirilib, yəni İsrail və Həmas atəşkəslə bağlı razılığa gəliblər. Bu razılaşmaya əsasən, tərəflər əllərində olan əsir və girovların dəyişdirilməsi prosesini həyata keçirirlər. Konfransın əsas məqsədi bölgədə atəşkəs əldə olunduqdan sonra Qəzzadakı humanitar böhranın dayandırılması, bölgəyə humanitar yardımların çatdırılması məsələlərini müzakirə etməkdir. Bundan əlavə, bölgənin yenidən bərpası, sabitliyin təmin olunması və atəşkəs rejiminin davamlı şəkildə qorunması məsələləri də gündəmdə olacaq. Şübhəsiz ki, Qəzzanın gələcək taleyi və orada həyata keçiriləcək bərpa işlərinin əlaqələndirilməsi üçün bir fondun yaradılması da müzakirə olunacaq. Təhlükəsizliklə bağlı məsələlərin də ikinci mərhələdə həyata keçirilməsi planlaşdırılır. Azərbaycan Prezidentinin toplantıda iştirakı əlbəttə ki, çox önəmlidir. Bu, həm Azərbaycanın son illərdə oynadığı rol, həm də onun Yaxın və Orta Şərqdəki əlaqələri ilə bağlıdır. Azərbaycanın İsraillə strateji tərəfdaşlıq səviyyəsində münasibətləri var, bölgə ölkələrinin əksəriyyəti ilə yüksək səviyyəli əlaqələr qurulub və bu münasibətlər inkişaf etməkdədir. Bundan başqa, Azərbaycan Fələstin məsələsinin həlli ilə bağlı beynəlxalq hüquq və BMT-nin qərarlarına uyğun mövqe nümayiş etdirir. Azərbaycan Prezidenti ilə bərabər, Ermənistan Baş nazirinin də bu toplantıya dəvət olunması Tramp üçün əhəmiyyətli idi. Çünki bu dəvət Tramp və Misir Prezidenti Əs-Sisinin təşəbbüsü ilə həyata keçirilib.Tramp burada, əslində, uzun müddətdir davam edən münaqişələrdən biri kimi Azərbaycan və Ermənistan liderlərini də təqdim edərək, bu iki tərəfin sülhə necə nail olduqlarını və razılaşmaları necə həyata keçirdiklərini nümunə kimi göstərə bilər. Bu, həm də simvolik məna daşıyır.
Düşünürəm ki, bu toplantı Yaxın Şərqin gələcəyi ilə bağlı ciddi bir format ola bilər. Azərbaycanın burada iştirakı, bir daha qeyd etdiyim kimi, ölkəmizin artan rolu və bölgə ilə sıx əlaqələrinin göstəricisidir. Azərbaycanın Yaxın və Orta Şərqdə İsrail, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Türkiyə və Misir kimi ölkələrlə kifayət qədər yüksək səviyyəli münasibətləri var.
O baxımdan, Azərbaycan Prezidentinin oradakı iştirakı həm ölkəmizin nüfuzu, mövqeyi, həm də gələcəkdə artan vasitəçilik rolu baxımından çox vacib hesab olunur. Bu səfər Azərbaycanın nümunəvi ölkə kimi mövqeyini bir daha nümayiş etdirən əhəmiyyətli bir addımdır". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31