Gürcüstandakı etirazların əsl səbəbi: "Qərbə inteqrasiya və Rusiya dəstəyi arasında kəskin qarşıdurma" – ÖZƏL
15:21 Siyasət"Hazırda Gürcüstanda Rusiya və Qərb arasında kəskin mübarizə gedir. Bələdiyyə seçkiləri ilə bağlı keçirilən kütləvi etiraz aksiyaları da bu mübarizənin bariz göstəricisidir".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, əslində, bələdiyyə seçkiləri məsələsi sadəcə bir səbəbdir. Gürcüstanda bundan əlavə daxili siyasi problemlər də mövcuddur və bu səbəblər kifayət qədər geniş miqyaslıdır. Gürcü cəmiyyəti faktiki olaraq parçalanmış vəziyyətdədir.
Siyasi şərhçi əlavə edib ki, Qərbə inteqrasiyanın tərəfdarları addımlarında israrlıdırlar və Saakaşvili hakimiyyəti dövründən formalaşmış Qərbə yönəlmə siyasətinin davam etdirilməsini tələb edirlər. Bu da göstərir ki, Gürcüstanda Qərbə inteqrasiya kursunun tərəfdarları az deyil və onlar artıq real təsir göstərə biləcək kütləvi etiraz aksiyaları keçirmək gücünə sahibdirlər. Bu, müəyyən mənada Gürcüstanda Qərb və Rusiya arasında kəskin qarşıdurmanın açıq təzahürü kimi qiymətləndirilə bilər.
"Hazırkı hakimiyyət - yəni "Gürcü Arzusu" partiyası - bunu gizlətməyə çalışsa da, hamıya məlumdur ki, bu partiyanın əsas siyasi dəstək mənbəyi məhz Rusiya istiqamətindən gəlir. Partiyanın atdığı bəzi addımlar Qərbə inteqrasiya siyasətinin arxa plana keçirilməsinə yönəlib. Buna etiraz edən Qərb yönümlü qüvvələr isə kütləvi aksiyalar vasitəsilə siyasi iradələrini ifadə edirlər", - deyə ekspert əlavə edib.
E. Xalidbəylinin sözlərinə görə, bu hadisələrin müəyyən geosiyasi nəticələri ola bilər. Çünki Cənubi Qafqaz regionunda maraqları olan dövlətlər bu ölkələrin daxili siyasi proseslərinə müdaxilə etməyə və təsir göstərməyə çalışırlar. Bu təsirlər də bəzən ölkə daxilində genişmiqyaslı etiraz dalğalarına səbəb olur. Gürcüstanda da hazırda təxminən bu proseslər müşahidə olunur. Yaxın gələcəkdə daha aydın şəkildə bəlli olacaq ki, Gürcüstan öz gələcək taleyini hansı istiqamətdə müəyyənləşdirməyə çalışacaq.
"Hər halda, Gürcüstanda "Gürcü Arzusu" partiyasının tərəfdarları ilə yanaşı, bu partiyanın "Gürcü xalqının arzusu"nu əks etdirmədiyini iddia edən əks düşərgə də mövcuddur. Bu əks düşərgə sona qədər mübarizə aparmaq niyyətindədir. Buna görə də böyük ehtimalla Gürcüstanın gələcək taleyi məhz bu iki siyasi qüvvə arasındakı mübarizənin yekun nəticələrindən asılı olacaq", - deyə siyasi şərhçi sonda vurğulayıb.
Sevda Dəniz