Azərbaycan regionda sabitlik və inteqrasiya proseslərinin aparıcı qüvvəsidir- ÖZƏL

"Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclası postsovet məkanında yeni geosiyasi reallıqlar fonunda xüsusi əhəmiyyət daşıyırdı". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib: "Toplantıda Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan yalnız milli maraqlarını müdafiə edən ölkə deyil, həm də regionda sabitlik, əməkdaşlıq və inteqrasiya proseslərinin aparıcı qüvvəsidir. Prezident İlham Əliyevin Düşənbədəki çıxışında irəli sürdüyü tezislər Azərbaycanın xarici siyasət fəlsəfəsini aydın şəkildə ortaya qoydu. Bu fəlsəfə pragmatizm, bərabərhüquqlu əməkdaşlıq və qarşılıqlı fayda prinsiplərinə əsaslanır. Azərbaycan MDB məkanında inteqrasiyanı formal mexanizm kimi deyil, real iqtisadi və humanitar əməkdaşlıq müstəvisində dəyərləndirir. Bu baxımdan, dövlət başçısının çıxışında regional həmrəyliyin gücləndirilməsi, iqtisadi əlaqələrin dərinləşdirilməsi və mədəni inteqrasiyanın təşviqi kimi istiqamətlər xüsusi vurğulandı.Düşənbə iclası Azərbaycan-Tacikistan əlaqələrinin inkişafında yeni mərhələ kimi qiymətləndirilə bilər. Azərbaycan və Tacikistanı birləşdirən əsas amillər yalnız diplomatik yaxınlıq deyil, həm də mədəni, tarixi və iqtisadi ortaq maraqlardır. Hər iki dövlət müstəqil siyasət yürüdür, regionda sabitlik və təhlükəsizlik modelinin tərəfdarıdır. Bu münasibətlər, həmçinin MDB daxilində Şərq-Qərb istiqamətli əməkdaşlıq körpüsünün möhkəmlənməsinə xidmət edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31