Ölkə rəhbəri çoxşaxəli xarici siyasi fəaliyətini davam etdirir- ÖZƏL
12:16 Siyasət"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabr ayının ilk ongünlüyündə ard-arda bir neçə beynəlxalq tədbirdə iştirakı, bir tərəfdən Azərbaycanın çoxşaxəli və çoxregional xarici siyasətinin təzahürü, digər tərəfdən isə ölkə rəhbərinin yorulmaz siyasi fəaliyətinin və tükənməz enerjisinin göstəricisidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib: "1-2 oktyabr - Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin sammitində Avropa İttifaqı və digər tərəfdaşlarla görüşlər və müzakirələr, 6-7 oktyabr - Türk dünyasının həmrəyliyi və birliyinin rəmzi kimi Qəbələdə təşkil edilən Türk Dövlətləri Təşkilatının zirvə görüşü və nəhayət, 9-10 oktyabr - Düşənbədə baş tutan MDB Dövlət Başçıları Şurasının sammiti Prezident İlham Əliyevin fəal iştirakı ilə müşayiət olunmuşdur.
Əvvəlki iki tədbir haqqında ölkə və dünya mediasında siyasi texnoloqlar tərəfindən açıqlanan kifayət qədər analitik materiallar və rəylər öz əksini tapıb. Azərbaycan liderinin 10 oktyabr 2025-ci il tarixində Düşənbədə MDB Dövlət Başçıları Şurasının geniş və məhdud tərkibdə keçirilən iclaslarındakı çıxışları da regional əməkdaşlıq çərçivəsində geosiyasi, mədəni, humanitar sahələrdə dövlətlərarası münasibətlərin daha da etibarlı şəkildə qurulması baxımından təhlili üçün maraqlı məqamlarla zəngindir.
Cənab İlham Əliyev ilk növbədə Tacikistan ilə Azərbaycan arasında münasibətlərin ardıcıl inkişaf etdiyini vurğulamaqla regional diplomatik əlaqələrin və MDB daxilində münasibətlərin yalnız dostluq, səmimiyyət, faydalı əməkdaşlıq və qarşılıqlı dəstək əsasında qurulmasının mümkünlüyünə işarə etmişdir".