İsrail Donald Trampı Qəzzaya görə ölkənin ən yüksək mükafatına layiq görüb - ÖZƏL

İsrail hökuməti ABŞ prezidenti Donald Trampa ölkənin ən yüksək mükafatı - Prezidentin Fəxri Medalını təqdim etmək qərarına gəlib. Olaylar.az xəbər verir ki, bu barədə İsrail dövlət başçısı İsaak Hersoqun administrasiyası məlumat yayıb. Bəyanatda qeyd olunur ki, bu qərar Trampın Qəzza zolağında israilli girovların azad edilməsindəki töhfəsini qeyd etmək məqsədi daşıyır. Mükafatın təqdimatı Trampın İsrailə səfəri ilə eyni vaxtda elan olunub. Mərasimin yaxın aylarda keçirilməsi planlaşdırılır, dəqiq tarix və yer hələ müəyyən edilməyib.
"Prezident Trampın irsi İsrail dövləti və yəhudi xalqının bir çox nəsillərinin yaddaşında qalacaq. Onun yorulmaz səyləri sayəsində biz yaxınlarımızı evə qaytara bildik və Yaxın Şərqdə təhlükəsizlik, əməkdaşlıq və sülhə ümid üzərində qurulan yeni bir dövrün əsasını qoyduq. Trampa Prezidentin Fəxri Medalını təqdim etmək mənim üçün böyük şərəf olacaq," - deyə İsrail prezidenti İsaak Hersoq bildirib.
Qeyd edək ki, Prezidentin Fəxri Medalı İsraildə 2012-ci ildə ölkənin doqquzuncu prezidenti Şimon Peresin təşəbbüsü ilə təsis olunub. Mükafat İsrail cəmiyyətinin inkişafına və beynəlxalq humanitar fəaliyyətə əhəmiyyətli töhfə verən şəxslərə təqdim edilir. İlk dəfə bu medalı 2012-ci ildə ABŞ-ın sabiq dövlət katibi Henri Kissincer alıb. Sonrakı illərdə mükafat Barak Obama, Bill Klinton və Angela Merkel kimi tanınmış şəxslərə də təqdim edilib.
Reuven Rivlinin prezidentliyi dövründə (2014-2021) medal təqdim olunmayıb, lakin hazırkı prezident İsaak Hersoq bu ənənəni bərpa edib. 2022-ci ildə o, bu mükafatı Çexiyanın, ABŞ-ın və Kiprin dövlət başçıları - Miloş Zeman, Co Bayden və Nikos Anastasiadisa təqdim edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31