Təhlükəsizlik məsələsi bütün dünyanın ortaq dəyəridir- ÖZƏL

"MDB regionu müasir dövrdə mürəkkəb geosiyasi proseslərin təsiri altındadır. Yeni risklər - terrorizm, transmilli cinayətkarlıq, enerji təhlükəsizliyi və informasiya müharibələri kimi təhdidlər üzv dövlətlərin birgə səylərini tələb edir. Koordinasiyalı fəaliyyət və bərabər məsuliyyət prinsipi əsasında bu təhlükələrə qarşı effektiv cavab mexanizmi formalaşdırmaq mümkündür. Azərbaycanın həmin məsələlərdə prinsipial mövqeyi ondan ibarətdir ki, təhlükəsizlik yalnız bir dövlətin deyil, bütün regionun ortaq dəyəridir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Bədəl Bədəlov deyib: "Düşənbə sammitində Azərbaycan tərəfi iqtisadi inteqrasiyanın dərinləşdirilməsinə dair konkret baxışını da ifadə edib. MDB məkanında iqtisadi əlaqələrin liberallaşdırılması, ticarət dövriyyəsinin artırılması və yeni logistika marşrutlarının yaradılması regional sabitliyə töhfə verir. Dövlətimizin nəqliyyat tranzit potensialı, xüsusilə də Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində mühüm tranzit qovşağına çevrilməsi bu sahədə birliyin strateji maraqlarına cavab verir.
MDB Dövlət Başçıları Şurasının iclası bir daha təsdiqlədi ki, sözügedən region bu gün də əməkdaşlıq üçün zəruri siyasi platformadır. Burada səslənən fikirlər və qəbul edilən qərarlar qarşılıqlı etimadın möhkəmlənməsi, iqtisadi və humanitar əlaqələrin inkişafı, təhlükəsizliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın fəal mövqeyi isə bu birliyin gələcəkdə daha çevik və müasir tələblərə uyğun mexanizmlərlə işləməsinə töhfə verir. Dövlətimizin diplomatik xətti təkcə milli maraqlara deyil, həm də regional əməkdaşlığın dayanıqlı inkişafına xidmət edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31