Son 10 gündə 3 fərqli platformada Azərbaycan

2025-ci ilin oktyabr ayı Azərbaycan diplomatiyası üçün intensiv və strateji baxımdan vacib bir dövr kimi yadda qaldı. Prezident İlham Əliyevin eyni ayda üç mühüm beynəlxalq platformada - Kopenhagen, Duşanbe və Qəbələ görüşlərində iştirakı ölkəmizin çoxvektorlu, balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət kursunu bir daha nümayiş etdirdi.

Bu üç görüşün hər biri ayrı coğrafi məkan və siyasi orbitdə baş tutsa da, onları birləşdirən ümumi məxrəc - Azərbaycanın müstəqil, çoxqütblü və rasional diplomatiya modeli idi.

1. Oktyabrın əvvəlində Kopenhagendə keçirilən Avropa Siyasi Birliyi Zirvəsi Azərbaycanın Avropa ilə siyasi və iqtisadi münasibətlərinin yeni mərhələyə keçdiyini göstərdi. Prezident İlham Əliyev burada Avropa İttifaqı rəhbərliyi və bir sıra dövlət başçıları ilə görüşərək enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və sülh prosesinə dair vacib mesajlar verdi.

Kopenhagen platformasında əsas mesaj ondan ibarət idi ki, Azərbaycan Qərblə münasibətləri konfrontasiya deyil, qarşılıqlı faydalı əməkdaşlıq üzərində qurur. Bakı Avropanın enerji təhlükəsizliyində təkcə qaz təchizatçısı deyil, həm də yaşıl enerji və infrastruktur layihələrinin etibarlı tərəfdaşı kimi çıxış edir.

2. Duşanbe görüşü Azərbaycan üçün postsovet məkanında praqmatik əməkdaşlıq və siyasi  dialoqun  dərinləşdirilməsi platforması rolunu oynadı. Bu, Bakı üçün həm regional sabitlik, həm də milli maraqların qorunması baxımından önəmlidir.

3.Qəbələdə keçirilən TDT Zirvəsi Azərbaycanın türk dünyasının ideoloji və strateji mərkəzinə çevrildiyini təsdiqlədi. Prezident  İlham Əliyev türk dövlətlərinin hərbi, iqtisadi və mədəni birliyini gücləndirən konseptual çıxışı ilə bu platformanı regional sabitliyin dayaqlarından birinə çevirdi. Qəbələ görüşü həm də Azərbaycanın liderlik statusunun təkcə regional deyil, sivilizasion səviyyədə tanınmasına xidmət etdi.

Bu üç platforma - Qərb, MDB və Türk dünyası - əslində Azərbaycanın çoxqütblü diplomatiyasının balansıdır. Prezident  İlham Əliyevin oktyabr diplomatiyası göstərdi ki, rəsmi Bakı nə Qərbdən, nə Şərqdən asılı deyil, əksinə, hər iki istiqamət arasında körpü və dialoq mərkəzi kimi çıxış edir.

Azərbaycanın xarici siyasətindəki oktyabr ayında   "üç platforma , bir strategiya" yanaşması müxtəlif qütblərdə yerləşən beynəlxalq aktorlar üçün də bir siqnal olmalıdır. Azərbaycan prioritet olaraq elan etdiyi Türk ailəsi ilə əməkdaşlığın gücləndirilməsi siyasəti ilə yanaşı dayanıqlı balanslı siyasətini davam etdirir.

Zaur Məmmədov 

Politoloq

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31