Ermənistan amili Azərbaycanla Rusiyanı necə üz-üzə qoyur?
11 Oktyabr 2025 13:27 SiyasətAzərbaycan İran, Rusiya, Fransa, ABŞ kimi aktorların Ermənistan daxilində formalaşdırdığı institut və ya hərəkatları da neytrallaşdırmağı sürətlə icra edir. Bu qabiliyyət Ermənistandakı seçkinin nəticələrindən sonra daha da böyüyə bilər.
Ehtimalla Vladimir Putin bunu Rusiya-Azərbaycan əlaqələrindəki regional maraqların çərçivəsinə daxil etməyi hədəfləyir.
Lakin Azərbaycan Ermənistan daxilində özünün üstünlüklərini dayanıqlı edən fərqli strateji muxtariyyət axtarır.
Bu məqam Rusiyanı Azərbaycanla üz-üzə qoyur. Üstəlik, Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinin mətninə əsasən, tərəflər qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməmək barədə öhdəlik götürüblər.
Bu amil Avropa İttifaqı Monitorinq Missiyasının Azərbaycanla sərhəddən çıxarılmasını şərtləndirir. Başqa tərəfdən isə Rusiyanın 102-ci bazasının Ermənistandan çıxarılması bu maddənin təsiri altına düşə bilər.
Gümanla Azərbaycanla Rusiyanı yol ayrıcına gətirən məqamlardan biri də bununla bağlıdır.
Lakin bütün bunlar Bakı-Moskva xəttində əməkdaşlıq xətlərini inkar etmir.
Bu xətlər indi ABŞ-Azərbaycan strateji tərəfdaşlığına və Donald Trampın vasitəçiliyi ilə Ermənistanla əldə edilmiş razılıqların konteksində qiymətləndirilə bilər. Bunların fonunda isə Azərbaycanın keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyanı ədalət mühakiməsi önünə çıxarılması şərtləri gücləndirilmiş ritorika kimi gündəmə gələ bilər.
Ehtimalla Azərbaycan Rusiya ilə Ermənistanda əməkdaşlıq imkanlarını Koçaryan və Sarkisyanın həbsi kontekstində irəli sürəcək. Bakı bunun üçün Rusiyadan tələb edə bilər ki, Kreml Ermənistanda himayə etdiyi anti-Azərbaycan qüvvələr üzərindən kölgəsini çəksin.
Bu, baş verəcəyi təqdirdə, Robert Koçaryanla Serj Sarkisyanın ədalət önünə çıxarılmasına münbit şərait yaranacaq. Ancaq hələlik Azərbaycan Ermənistandakı seçki rejimini diqqətlə izləyir və onun nəticələri regionda açıq qalan məsələlərə yanaşmaları təzələyəcək.
Aqşin Kərimov
Siyasi ekspert