Azərbaycan diplomatiyas ının siyasi çəkisinin təsdiqi
11:54 Siyasət"Rusiya prezidentinin Düşənbədə səsləndirdiyi fikirlər bir dövlətin digərinin mövqeyinə verdiyi sadə diplomatik reaksiya deyil, Azərbaycanın prinsipial mövqeyinin və siyasi çəkisinin təsdiqi kimi dəyərləndirilməlidir". Olaylar xəbər verir ki, bunu Milli Məclisin deputatı Fəzail İbrahimli deyib: "Azərbaycan Prezidenti 200 illik tariximizdə dövlət və millət adına daha bir qürur anına imza atdı. Məsələ, Rusiya ilə münasibətlərin yoluna qoyulmasında deyil. Arxada qalan aylar onu göstərdi ki, Azərbaycan istənilən dövlətə qarşı öz haqlı mövqeyindən geri çəkilməmək gücündə və qətiyyətindədir. Amma 200 illik tariximizdə Rusiyanın inadından çəkilərək Azərbaycan liderinin və onun simasında xalqımızın iradəsini qəbul etməsi gerçəkdən tariximizin qürur nöqtəsidir.
Təbii ki, artıq münasibətlərin gərginlik mərhələsini arxada qoyduğumuzu deyə bilərik və düşünürəm ki, bundan sonrakı proseslərdə günü-gündən olan gərginlik aradan qalxacaq. Rusiyada azərbaycanlılara qarşı təzyiq metodları dayandırılacaq, siyasi təzyiq metodlarından istifadə olunmayacaq. Bu, sevindirici haldır. Ümid edirəm ki, artıq problemlər arxada qaldı və günü-gündən münasibətlərin yaxşılaşmasının şahidi olacağıq. Amma ən önəmlisi odur ki, Azərbaycan müstəqil siyasət yeritdi, tələb qoydu, beynəlxalq hüququn həyata keçirilməsini istədi və hər şey Azərbaycanın istədiyi kimi oldu.