Rusiya ilə münasibətlərdə balanslı, amma ehtiyatlı xətt – ÖZƏL

"Rusiya ilə Azərbaycan münasibətlərinin gərginliyi təyyarə insidentindən sonra başladı. Qeyd etmək lazımdır ki, Azərbaycan-Rusiya münasibətləri uzun illərdir mövcuddur. Azərbaycan Rusiya ilə münasibətlərdə çox balanslı siyasət yürüdür".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, Qarabağ müharibəsi, 20 Yanvar faciəsi, Xocalı soyqırımı və s. kimi hadisələrin baş verməsində Ermənistanın təkbaşına hərəkət etmədiyini bilirik, bunların hər birinin Rusiyanın müəyyən dərəcədə dəstəyi nəticəsində baş verdiyini də bilirik. Ona görə Azərbaycan bu gün də, bundan əvvəl də Rusiyanı "dost" kimi deyil, qonşu dövlət kimi qəbul edir və onunla balanslı siyasət aparır. Bu siyasət iqtisadi, siyasi və hərbi məqamları əhatə edir.

"Eyni zamanda heç bir azərbaycanlı deyə bilməz ki, bu gün biz Rusiyanı Türkiyə kimi və ya digər MDB dövlətləri kimi qəbul edirik. Rusiyanın Azərbaycana qarşı törətdiyi soyqırım və digər ağır əmələr Azərbaycan dövləti və xalqının yaddaşında qalır.
Buna görə də demək düzgün deyil ki, Rusiya ilə münasibətlərimiz həmişə mükəmməl olub və indi yalnız bu təyyarə məsələsinə görə pozulub. Bizim Rusiyaya münasibətimiz ümumiyyətlə normal və balanslı səviyyədə olub - iki qonşu dövlət arasında olan münasibətlərdir. MDB məkanı kontekstində vəziyyətin öz qaydaları var və bu münasibətlər birbaşa həmin çərçivədən asılı ola bilməz. Buna baxmayaraq, Rusiya ilə əlaqələrin yenidən yaxın qonşu münasibətinə qayıtması mümkündür", - deyə siyasi şərhçi əlavə edib. 

Siyasi şərhçinin sözlərinə görə, Əliyev-Putin görüşü tezliklə, təcili şəkildə keçirilməli idi. Niyə? Çünki yaxın qonşu və MDB çərçivəsindəki dövlətlər arasındakı münasibətlərin pozulması uzun müddət davam edə bilməz. Bizim gözləntilərimizə uyğun olaraq Rusiya müəyyən müddət əvvəl məsələyə münasibət bildirməli idi, bunu etmədiyinə görə biz də öz mövqeyimizi ortaya qoyduq. Mövqe sərgiləməyimizin əsas səbəblərindən biri təyyarənin vurulmasıdır. Bu təyyarə yalnız sıravi sərnişin təyyarəsi deyildi - qeyd etmək lazımdır ki, ilk olaraq prezidentin təyyarəsi həmin vaxt hava məkanında olub, yəni hədəfin prezidentin təyyarəsi ola biləcəyi ehtimalı mövcud idi. Bu isə sui-qəsd ehtimalını yaradır.

"Azərbaycan dövləti hesab edir ki, təyyarənin vurulması ilə bağlı münasibətlərin bu qədər gərginləşməsinin əsas səbəblərindən biri Rusiyanın törətdiyi təxribatlardır. Rusiyanın keçmiş dövrlərdə Azərbaycanla bağlı həyata keçirdiyi addımlar da bu gərginliyin mənbələrindəndir.
Buna görə də Rusiyanın Azərbaycanı itirməməsi onun üçün vacibdir, çünki Rusiyanın artıq çoxlu düşmənləri var və Azərbaycanı itirməsi Rusiyanın üzləşəcəyi böyük problemlərdən biri ola bilər", - deyə ekspert qeyd edib.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31