Xəzərdə xarici qüvvələrin olmaması strateji əhəmiyyət daşıyır - ÖZƏL
10 Oktyabr 2025 16:21 SiyasətXəzər dənizində təhlükəsizliyin möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi məqsədilə Azərbaycan, İran, Rusiya və Qazaxıstan Hərbi Dəniz Qüvvələri strateji əməkdaşlıq sazişi Sankt-Peterburqda Xəzəryanı ölkələrin dəniz qüvvələri komandirlərinin görüşü zamanı imzalanıb. Sazişə əsasən, Xəzərin təhlükəsizliyini yalnız sahilyanı dövlətlər təmin edəcək, xarici ölkələrin müdaxiləsinə yol verilməyəcək.
Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlama verib:
" Bugün Cənubi Qafqazda və Mərkəzi Asiyada mühüm proseslər gedir. Belə şəraitdə ayrı-ayrı dövlətlər öz niyyətlərini ortaya qoyur, əməkdaşlıq konfiqurasiyalarını genişləndirir və müxtəlif sazişlər imzalayırlar. Xəzər hövzəsində yerləşən dövlətlərin əməkdaşlıq sazişi imzalaması isə strateji xarakter daşıyır.
Uzun müddətdir ki, Xəzər hövzəsində heç bir xarici qüvvənin olmamasına dair fikir formalaşıb və bu, 2018-ci ildə Aktau şəhərində imzalanmış "Xəzərin hüquqi statusu haqqında" Konvensiyanın prinsiplərində də öz əksini tapıb. Bu baxımdan hesab edirəm ki, imzalanan sənəd həm Aktau Konvensiyasını bir qədər də gücləndirir, həm də reallıqların burada əks olunduğunu görürük. Çünki ayrı-ayrı qüvvə mərkəzləri bizim coğrafiyada öz maraqlarını təmin etməyə çalışır, daxili işlərə qarışırlar, bölgədə sabitliyi pozmaq və gərginliyi artırmaq niyyətlərini ifadə edirlər. Ona görə də Xəzərdə xarici qüvvə mərkəzlərinin olmamasına dair imzalanan sənəd, mənim fikrimcə, çox önəmli mahiyyət daşıyır. Burada Azərbaycan, İran, Rusiya və Qazaxıstan hərbi dəniz qüvvələrinin təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində atdığı addım da tam başa düşüləndir. Bu, xüsusilə bugünkü dünyada qeyri-müəyyənlik, eskalasiya, müharibələr və sonu görünməyən böhranların, fəlakətlərin hökm sürdüyü bir zamanda sülhə, sabitliyə və təhlükəsizlik sisteminin gücləndirilməsinə xidmət edən mühüm addım kimi qiymətləndirilə bilər".
Zeynəb Mustafazadə