Elşən Manafov - "Köçəryanın Vaşinqton razılaşmalarına tənqidi seçki konyunkturundan irəli gəlir" - ÖZƏL
14:10 SiyasətErmənistanın keçmiş prezidenti Robert Köçəryan oktyabrın 6-da İrəvanda keçirdiyi mətbuat konfransında ABŞ-ın vasitəçiliyi və Donald Trampın qarantorluğu ilə imzalanmış Vaşinqton sənədlərini və paraflanmış sülh müqaviləsini kəskin tənqid edib. O, bu razılaşmaların yalnız ABŞ və Azərbaycanın maraqlarına xidmət etdiyini, Ermənistan üçün isə "sıfır" fayda gətirdiyini iddia edərək, sənədləri "kağız parçası" adlandırıb.
Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib:
" Ermənistanın sabiq prezidenti Koçaryanın Vaşinqton razılaşmaları ilə bağlı səsləndirdiyi fikirlər onun müxalifət rəsmisi kimi konyunktur maraqlarından irəli gəlir və qarşıdakı seçkilərdə erməni cəmiyyətinin etiraz elektoratının səslərinin qazanılmasına hesablanıb. Zəngəzur dəhlizi üzərindən nəqliyyat-kommunikasiya xətlərinin bərpası Ermənistanın özünün də iqtisadi maraqlarına cavab verir. Belə ki, dəhliz onun iqtisadi təcriddən qurtulmasında böyük əhəmiyyət kəsb edəcək. Zira bu razılaşmaların icrasından sonra Ermənistan Türkiyə və Azərbaycan tərəfindən tətbiq edilmiş iqtisadi blokadadan qurtulacaq, onlarla səmərəli ticarət münasibətlərinin bərpasına nail olacaq.
Dəhliz həmçinin onun dəmir yollarının Azərbaycan üzərindən Rusiya ilə daha fərqli səviyyədə bağlanmasına şərait yaradacaq və nəhayət, Qərbdən investisiya dəstəyinin yüksəlməsinə səbəb olacaq. Rusiyanın dəhlizlə bağlı mövqeyinə isə geosiyasi anlamda yanaşmaq lazımdır. Zira razılıq onun deyil, Vaşinqtonun vasitəçiliyi ilə əldə edildiyindən rəsmi Moskvanın qısqanclıqla məlum razılaşmalara yanaşması onun regionla bağlı geosiyasi maraqları baxımından anlaşılandır. Digər tərəfdən, razılaşmalar ABŞ-ın regiona daha aktiv müdaxiləsinə şərait yarada bilər ki, bu da təbii olaraq Moskva və Tehranı məmnun etmir. Zəngəzur dəhlizi ilə bağlı razılaşmalar 2020-ci ilin Moskva razılaşmasında da var idi. Lakin Paşinyanın Qərbdəki bəlli dairələrlə bağlılığı bu razılaşmaların əldə edilməsini ləngidirdi. Rəsmi Bakı hətta Moskvanın moderatorluğu ilə dəhlizlə bağlı razılıqların əleyhinə deyildi. Nəhayət, Moskva razılaşması dəhlizdə yükdaşımalara nəzarətin Rusiyaya həvalə edilməsini nəzərdə tuturdu, Paşinyan isə bu layihənin əleyhinə idi.
Nəticə etibarilə, dəhlizlə bağlı razılıqlar ABŞ-ın vasitəçiliyi ilə əldə edildi. Bununla belə, Moskvanın bölgəyə təsir imkanlarının məhdudlaşacağı ilə bağlı söylənilən fikirlər region ətrafında cərəyan edən məlum proseslərdə Kremlin təsir imkanlarının düzgün qiymətləndirilməməsi kimi də qiymətləndirilə bilər".
Zeynəb Mustafazadə