Aktau razılaşmasının "etibarlılıq yoxlaması": Xəzər dörd əməkdaşlığı dərinləşdirir – ÖZƏL

Azərbaycan, İran, Rusiya və Qazaxıstan Hərbi Dəniz Qüvvələri Xəzər dənizində təhlükəsizliyin möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi məqsədilə strateji əməkdaşlıq sazişi imzalayıb.
Sazişə əsasən, heç bir xarici və ya qeyri-regional dövlətin Xəzərin daxili işlərinə qarışmaq hüququ olmayacaq, dənizin təhlükəsizliyini yalnız sahilyanı dövlətlər təmin etməlidir.

"Son illər, xüsusilə 2018-ci ildə əldə olunan Aktau Razılaşmasından sonra Rusiyanın və İranın təcrid siyasətinin artması, Rusiyanın hələ də müharibə vəziyyətində olması və İranın 12 günlük müharibədən sonra yenidən gərgin vəziyyətə qayıtması, bu iki ölkəni daha ehtiyatlı davranmağa və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirməyə vadar edir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, bu sənədin imzalanması həm Azərbaycan, həm də Qazaxıstan üçün də faydalıdır, çünki söhbət həm də Xəzərin hərbiləşdirilməməsi kimi öhdəliklərin yaranmasından gedir. Bu gün Azərbaycan, Qazaxıstan və digər Orta Asiya ölkələri üçün Xəzər daha çox logistik və ticarət marşrutu kimi maraqlıdır.

"Xəzərdə hərbi gücün artırılması, xüsusilə böyük dəniz sahəsinə malik olan Azərbaycan kimi ölkələr üçün əlavə təhlükələr yaradır və müdafiə tədbirlərini gücləndirmək üçün büdcəyə əlavə yük gətirir. Azərbaycanın və Qazaxıstanın maraqlarına uyğun olmayan tələblər əsasən şimal və cənub qonşularından gəlir. Azərbaycanın və Qazaxıstanın bu sənədə imza atması isə qonşulara mesajdır: bizim ərazimizdən və sahil xəttimizdən digər region ölkəsi olmayan güclərin hərbi məqsədlər üçün istifadə etməsi qətiyyən qəbul olunmur", - deyə ekspert əlavə edib. 

Siyasi şərhçinin sözlərinə görə, bu mənada, yeni imzalanan sənəd 2018-ci ildə Qazaxıstanda əldə olunmuş razılaşmanın qüvvədə olduğunu təsdiqləyir və etibarlılıq yoxlaması rolunu oynayır. Yəni, sənədin bu formatda yenilənməsi bizim suverenliyimizi və dəniz hüquqlarımızı məhdudlaşdırmır.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31