Azərbaycan TDT-nın möhkəmlənməsi üçün ardıcıl siyasət yürüdür- ÖZƏL
10 Oktyabr 2025 12:25 Siyasət"Azərbaycan hər zaman Türk Dövlətləri Təşkilatının fəal üzvü olub və bu birliyin daha da möhkəmlənməsi üçün ardıcıl və prinsipial siyasət yürüdür. Qəbələ Zirvə Görüşündə Prezident İlham Əliyevin verdiyi mühüm bəyanatlar Türk dövlətlərinin inteqrasiya proseslərini sürətləndirəcək". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Fatma Yıldırım deyib: "Cənab Prezidentin çıxışında toxunduğu əsas məsələlərdən biri də Türk dünyasının beynəlxalq aləmdə daha fəal, daha güclü və daha çevik siyasi birlik kimi çıxış etməsi idi. Bu istiqamətdə Azərbaycanın təşəbbüsləri və çağırışları digər üzv dövlətlər tərəfindən də yüksək qiymətləndirildi.
Prezident İlham Əliyev ötən il Şuşada qəbul olunmuş Qarabağ Bəyannaməsinə istinad etməklə, bu sənədin Türk dövlətlərinin təhlükəsizlik və əməkdaşlıq baxımından ortaq maraqlarını əks etdirdiyini bir daha gündəmə gətirdi. Qarabağda əldə olunan qələbə və regionun tam suverenliyinin təmin olunması Azərbaycanın milli maraqları ilə yanaşı, Türk dünyasının strateji mövqelərini də möhkəmləndirir. Təhlükəsizliyin təminində Türk dövlətlərinin vahid mövqedən çıxış etməsi, ortaq müdafiə və informasiya siyasətlərinin gücləndirilməsi vacibdir. Prezident İlham Əliyevin bu yöndə çağırışları Türk dünyasının qlobal miqyasda güc mərkəzinə çevrilməsi üçün ideoloji və strateji əsas yaradır".