Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tacikistanın paytaxtı Düşənbədə keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib.
Olaylar xəbər verir ki, nazir çıxışında Azərbaycanın mədəni diplomatiyaya sadiqliyini vurğulayaraq, 28 sentyabr - 8 oktyabr tarixlərində Azərbaycanda uğurla keçirilmiş 3-cü MDB Oyunları haqqında məlumat verib. O, həmçinin Laçın şəhərinin 2025-ci il üçün MDB-nin Mədəniyyət Paytaxtı elan olunmasına göstərilən dəstəyə görə təşəkkürünü bildirib və bu çərçivədə şəhərin unikal irsini nümayiş etdirmək məqsədilə artıq çoxsaylı mədəni tədbirlərin həyata keçirildiyini qeyd edib.
Təhlükəsizlik çağırışlarına toxunan nazir, terrorizm, ekstremizm və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə əlaqələndirilmiş səylərin vacibliyini vurğulayıb və bu sahələr üzrə birgə sənədlərin qəbul edilməsini alqışladığını bildirib.
Çernobıl faciəsinin 40-cı ildönümündən bəhs edən nazir, bu fəlakətin davam edən humanitar və ekoloji nəticələrini xatırladıb, həyatını itirənlərin və nəticələrinin aradan qaldırılmasında iştirak etmiş, o cümlədən azərbaycanlı xilasedicilərin xatirəsini ehtiramla yad edib.
Nazir çıxışında, həmçinin Azərbaycanın MDB tərəfdaşları ilə qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın genişləndirilməsinə verdiyi əhəmiyyəti vurğulayıb və ticarət dövriyyəsinin artımını müsbət dinamikanın göstəricisi kimi dəyərləndirib.
Çıxışının sonunda nazir, Azərbaycan Respublikasının MDB çərçivəsində etimadın möhkəmləndirilməsi və konstruktiv dialoqun təşviqinə sadiqliyini bir daha təsdiqləyib.