Paşinyanın “Dördüncü Respublika”sı: Ermənistan sülh dövləti qurur, yoxsa Rusiyadan uzaqlaşır? - ÖZƏL
17:36 SiyasətErmənistanın baş naziri Nikol Paşinyan "Dördüncü Respublika"nın yaradılacağını açıqlayıb.
Paşinyanın "Dördüncü Respublika" ifadəsi Ermənistanın siyasi sistemində real dəyişikliklərə işarədirmi, yoxsa bu, daha çox ideoloji bir mesajdır? Bu açıqlama regionda sülh prosesinə və Bakı-İrəvan münasibətlərinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı politoloq Turab Rzayev Olaylar.az-a açıqlama verib:
" Paşinyan uzun müddətdir etdiklərini sadəcə olaraq izah edib. Bildirib ki, bəli, Ermənistan dördüncü respublikaya keçir. Ermənistan bunu çoxdan elan edib və deyib ki, münaqişə və müharibə ilə dövlət yaradılıb, indi isə sülhə əsaslanan dövlət qurulur. Ermənistan öz təhlükəsizliyini, dövlət kimi mövcudluğunu qorumağa çalışır. Çünki 10 milyonluq Azərbaycan dövləti və 100 milyonluq Türkiyə arasında 2 milyonluq Ermənistan dövlətinin yaşama şansı yoxdur. Buna görə də bu iki ölkə ilə düşmən kimi qalmaq mümkün deyil. Ermənistan Türkiyə və Azərbaycanla mümkün qədər sülh münasibətləri yaratmağa, sərhədləri açmaqla sülhə nail olmağa çalışır.
Yəni, məqsədini gizlətmir. Təsadüfi deyil ki, Azərbaycanın Qarabağ ərazisinin tanınması, Ağrı dağının Ermənistanın dövlət simvollarından çıxarılması hamısı buna xidmət edib. Paşinyan deyir: "Gəlin xəyallar aləmində yaşamayaq. Real 29 min kvadrat kilometr ərazidə dövləti qoruyaq." Açıqlamalarda göstərir ki, Rusiyadakı "ağalar" Ermənistanın bir dövlət kimi möhkəmlənməsini, Azərbaycanla sülh şəraitində yaşamasını və bölgəyə sülhün, əmin-amanlığın gəlməsini istəmirlər".
Zeynəb Mustafazadə