AZAL təyyarəsi ilə baş verənlərə aydınlıq gətirildi

"Azərbaycan və Rusiya liderləri bu gün Duşənbədə görüşərək son dövrlərdə münasibətlərdəki gərginliyə nöqtə qoya bildilər. Təsadüfi deyil ki, ikitərəfli görüş məhz iki tərəf arasında olan ən aktual mövzu - AZAL təyyarəsi ilə baş verənlərlə bağlı məsələyə aydınlıq gətirilməsi ilə başlanıldı". "Olaylar" xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib: "Xatırladım ki, təyyarə mövzusunda rəsmi Bakı prinsipiallıq nümayiş etdirərək sona qədər Rusiyadan məsələlərə aydınlıq gətirilməsini istəyirdi. Bu gün Putin məlum hadisə ilə bağlı 1.Rusiyanın məsuliyyət daşıdığını bildirdi. 2. Rusiya tərəfindən təzminatın ödəniləcəyini qeyd etdi.  3. Üzrxahlıq etdi. 

Son illərdə regionda baş verən mürəkkəb proseslər fonunda Azərbaycan və Rusiya arasında açıq dialoqun bərpası mühüm əhəmiyyət daşıyır. Bu görüş bir daha sübut etdi ki, Bakı ilə Moskva arasında münasibətlərin praqmatik maraqlar və uzunmüddətli strateji baxış üzərində qurulmasının labüdlüyü başa düşülür. Görüş həm də onu göstərdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük güclərlə bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq siyasəti yürüdür və bu siyasət regionda sülhün, sabitliyin və inkişafın əsas dayağına çevrilib".

Qeyd edək ki,  Rusiya prezidenti Putin dövlət başçısı İlham Əliyevlə Düşənbədə görüşü zamanı deyib ki, AZAL-ın təyyarəsinin qəzaya uğramasının səbəbləri hadisənin hərtərəfli təhlilindən sonra bəlli oldu: "Rusiya AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün məmurların hərəkətlərinə hüquqi qiymət verəcək. Rusiya AZAL-ın təyyarəsinin qəzaya uğraması kimi faciəvi hallarda tələb olunan hər şeyi edəcək". Putin deyib ki, AZAL təyyarəsi ilə bağlı faciənin baş verdiyi gün Rusiya sərhədini keçmiş üç Ukrayna PUA-sı səmada olub. Onun sözlərinə görə, Rusiyanın HHM sistemi tərəfindən buraxılmış iki raket AZAL təyyarəsini birbaşa vurmayıb, bir neçə metr aralıda partlayıb. Putinin sözlərinə görə, Rusiya AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı kompensasiyalar məsələsində lazım olan hər şeyi edəcək. Putin görüş zamanı İlham Əliyevə AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə ən səmimi başsağlığını bir daha ifadə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31