Kreml üçün yeni “Vardanyan kartı”: Həbsdən azad edib Paşinyana rəqib edəcəklər - MÜSAHİBƏ
16:22 Siyasət"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Elxan bəy, Ermənistanın birinci prezidenti LevonTer-Petrosyanın ardınca hərbi cani Robert Köçəryan da "fəallaşıb". O gələn ilin yayında keçiriləcək parlament seçkilərində hazırkı iqtidarı hakimiyyətdən salacaqlarını iddia edir. Sizcə, onun belə bir potensialı və ya imkanı varmı?
- Ermənistanda "Qarabağ klanı"nın ikiüzlü şəxsləri keçmiş prezident və hərbi canilər Robert Köçəryan və Serj Sarkisyan uzun müddət susublar, danışmağa isə eyni gündə başlayıblar. Sentyabrın 7-də Rusiyaya gizlin səfərindən sonra Köçəryan mətbuat konfransı təyin etdi. İstisna edilmir ki, o yaxın dostu Rusiya Prezidenti Vladimir Putinlə də görüşüb. Sadəcə olaraq, Putin bu xəbərin yayılmasına imkan verməyib ki, bundan Nikol Paşinyan qıcıqlanmasın. Əslində, Putin də Köçəryanın ölkəsində elə bir reytinqinin olmadığını da anlayır. Amma buna baxmayaraq, Kreml rəhbəri və onun əlaltıları gələnilki seçkilərdə Paşinyanın ya məğlub olmasını, ya da ən az səs toplamasını təmin etməyə çalışır. Köçəryanın Moskvaya çağırılması da bu ehtimalla bağlıdır. O da İrəvana qayıdan kimi mətbuat konfransı keçirdi, Paşinyanın ünvanına xeyli aşağılayıcı fikirlər səsləndirdi.
- Maraqlısı odur ki, Sarkisyan da eyni gündə Paşinyanı və onun komandasını hədəf alan açıqlamalar verib. Bu sinxronluq nə ilə bağlıdır?
- Eyni gündə Sarkisyandan da Paşinyana qarşı açıqlamalar verilsə də, baş nazir bir cümlə ilə onları susdurdu. O sadəcə olaraq dedi ki, "debata nə vaxt gəlirsiniz?" Siyasətdə nadir hadisədir ki, hakimiyyətdə olan şəxs müxalifət liderlərini debata çağırır. Adətən, müxalifət liderləri iqtidarda olan şəxsi debata çağırır. Ermənistanda isə tərsinədir. Paşinyan da debat deyən kimi keçmiş canilər susur. Cəmi bir dəfə Sarkisyan Paşinyanla debata çıxıb, onda da hakimiyyətini itirib. Görünür, bu onlara dərs olub. Ona görə də Paşinyanın arxasınca danışmağa öyrəşiblər. Əslində Paşinyan üçün də belə bir müxalifət lazımdır və onların üzərində qələbə qazanmaq onun üçün də asan olacaq.
- Köçəryan 8 avqust razılaşmalarını tənqid edərək burada Ermənistanın maraqlarına uyğun heç bir məsələnin olmadığını iddia edir...
- O Vaşinqton razılaşmaları ilə bağlı (Vaşinqtonda bu ilin avqustun 8-də ABŞ və Azərbaycan Prezidentlərinin, Ermənistanın Baş naziri arasında əldə edilən razılaşmalar) ABŞ-ni tənqid etmək əvəzinə daha çox Paşinyanın üzərinə getməklə kifayətlənib. Çünki Köçəryan Amerikadan çəkinir. Maraqlısı odur ki, Köçəryan və Sarkisyan Paşinyanı aşağılamağa çalışsalar da, alternativ fikir səsləndirmirlər. Onlar Azərbaycanla sülh təklif etmirlərsə, bunun alternativi müharibədir ki, bunda da yenidən uduzacaqlar. Bunu hər iki keçmiş hərbi cani anladıqlarına görə, erməni cəmiyyətinə alternativ fikir təklif etmirlər.
- Ehtimal edilir ki, gələn il keçiriləcək parlament seçkilərində Kreml keçmiş hərbi caniləri deyil, hazırda həbsdə olan iş adamı Samvel Karapetyanın üzərində dayanmağa çalışacaq. Bununla bağlı əsas arqumentlər necədir?
- Böyük ehtimalla Paşinyan parlament seçkilərinə qədər Karapetyanı həbsdən azad etməyəcək. Çünki o düşünə bilər ki, Karapetyanın azad edilməsi, onun Rusiya ilə birləşərək, malik olduğu maliyyə imkanları ilə ölkəni qarışdırmağa çalışar. Faktiki olaraq, Rusiya Karapetyandan Ruben Vardanyan kimi istifadə etdi. Vaxtilə, "Vardanyan kartı"nı isə Azərbaycan sıradan çıxartdı. Vardanyan Azərbaycanda, Karapetyan isə Ermənistanda həbsdədir. Ona görə də, Kremlin Paşinyanı dəyişmək üçün ciddi alternativi yoxdur. Bu halda Moskva Paşinyanla dialoqu davam etdirir. Baş nazir də bu günlərdə beynəlxalq konfransa qatılmaq adı ilə Moskvada Putinlə görüşdü. Həm də rəqiblərinə göstərməyə çalışdı ki, o Qərblə yanaşı, Rusiya ilə də əməkdaşlığı davam etdirir. Əgər, Rusiya Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq istəsə ya təxribat etməli olacaq, ya da onu aradan götürməlidir. Çünki seçki yolu ilə Paşinyanı dəyişə bilməyəcəklərini bilirlər. Amma Köçəryanı Moskvaya çağırmaqla çalışacaqlar ki, seçkilərdə Paşinyanın partiyası kifayət qədər səs toplayıb təkbaşına hökumət qura bilməsin.