Paşinyan köhnə irsdən imtina edir: “Dördüncü Respublika” dövrü başlayır – ÖZƏL
9 Oktyabr 2025 15:56 SiyasətErmənistanın baş naziri Nikol Paşinyan "Dördüncü Respublika"nın yaradılacağını açıqlayıb. O bildirib ki, bu yeni mərhələ sülh prinsiplərinə əsaslanacaq və seçkilərin saxtalaşdırılması hallarına son qoyulacaq. Paşinyanın sözlərinə görə, "Üçüncü Respublika münaqişə nəticəsində yaranmışdı, biz isə sülhə əsaslanan yeni dövlət qururuq."
Paşinyan "Dördüncü Respublika" deyəndə nəyi nəzərdə tutur?
"O hesab edir ki, 1920-ci illərdə mövcud olan Ermənistan dövləti birinci respublika idi. Daha sonra Sovet Ermənistanı - yəni 1920-1991-ci illərdə mövcud olmuş dövlət - ikinci respublika sayılır. Sovet Ermənistanı dağılandan sonra qurulan, yəni Köçəryan və Sarkisyanın rəhbərlik etdiyi, bu günə qədər mövcud olan Ermənistan isə üçüncü respublika adlanır".
.jpg)
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, Paşinyan isə "dördüncü", yəni yeni Ermənistanı qurduğunu iddia edir. O, "Dördüncü Respublika" anlayışını belə əsaslandırır: onun fikrincə, üçüncü Ermənistan münaqişələr üzərində qurulmuşdu. Yəni Azərbaycan torpaqları ilə bağlı iddialar irəli sürülmüş, Konstitusiyaya Qarabağ məsələsi salınmış, qonşu dövlətlərlə münasibətlər gərginləşdirilmiş, müharibə və qarşıdurmalar üzərindən dövlətçilik qurulmuşdu. Eyni zamanda, Ermənistan Rusiyanın bölgədəki təsir aləti kimi çıxış edir, Cənubi Qafqazda Moskvanın qalması üçün vasitə rolunu oynayırdı.
Ekspertin sözlərinə görə, Paşinyan indi sanki bütün bu "yaramaz irsdən" Ermənistanı xilas etmək üçün yeni bir dövlət - Dördüncü Respublika yaratmaq istəyir. Onun təsəvvür etdiyi bu respublikada sülh və əməkdaşlıq olacaq. Burada, təbii ki, söhbət Azərbaycanla sülhdən də gedir.
"Qeyd edim ki, "birinci, ikinci, üçüncü, dördüncü respublika" ifadəsi Fransada da mövcuddur. Fransa indi özünü "Beşinci Respublika" adlandırır. 1958-ci ildə, general Şarl de Qollun rəhbərliyi ilə yeni konstitusiya qəbul edildi. Ondan öncə, 1946-cı ildə qəbul olunmuş konstitusiyaya əsaslanan dövr "Dördüncü Respublika" adlanırdı. 1958-ci ildə qəbul edilən konstitusiya ilə idarəetmə sistemi dəyişdirildi, prezidentin səlahiyyətləri artırıldı və beləliklə, beşinci respublika yaradıldı", - deyə siyasi şərhçi əlavə edib.
Ə. Mustafanın fikrincə, ola bilsin ki, Paşinyan özünü De Qolla, Ermənistanı isə Fransaya bənzədir. Buna görə də "Dördüncü Respublika" ifadəsini işlədir. Amma eyni zamanda o, bu sözlə demək istəyir ki, Köçəryan-Sarkisyan siyasi irsinin varisi olmaq istəmir. Onların dövründə seçkilər saxtalaşdırılırdı, Rusiya təsiri güclü idi və Ermənistan müstəqil dövlət kimi formalaşa bilmirdi. Onlar sanki imperiyanın regiondakı bir uzantısına rəhbərlik edirdilər, yəni Ermənistan Rusiyanın idarə etdiyi bir əyalət kimi mövcud idi.
Siyasi şərhçi qeyd edib ki, Paşinyan isə indi müstəqil Ermənistan dövləti qurmaq, əvvəlki çirkabdan uzaq, yeni idarəetmə modeli formalaşdırmaq istəyir. Onun məqsədi sanki təmiz, şəffaf və azad siyasi sistem yaratmaqdır. Əlbəttə, bu yanaşma həm də o mesajı verir ki, Paşinyan Azərbaycanla sülh istəyir. O, əvvəlki hakimiyyətin bütün mənfi mirasını kənara qoyaraq, yeni bir mərhələyə, yeni bir siyasi paradiqmaya keçmək niyyətindədir. Bu paradiqmanın əsasını isə sülh, sabitlik və qarşılıqlı etimad təşkil edir.
"Düşünürəm ki, bu yanaşma əslində Azərbaycanın da maraqlarına uyğundur. Biz də istəyirik ki, Ermənistan fitnə-fəsaddan təmizlənsin, Azərbaycan ərazilərinə iddialardan imtina etsin, yeni reallıqları qəbul etsin. Paşinyanın irəli sürdüyü "dördüncü respublika" ideyası, görünür, bu yeni reallığı qəbul etmək üçün həm ideoloji, həm də siyasi zəmin yaratmaq cəhdidir", - deyə ekspert sonda vurğulayıb.
Sevda Dəniz