Qəzzada atəşkəs: Müsbət addım, amma davamlılığı sual altındadır - ÖZƏL

"Qəzzada atəşkəs barədə qəbul edilən qərar, sözsüz ki, müsbət və ümidverici haldır. Bu razılaşmanın əldə olunmasında əməyi olan bütün ölkələrin, o cümlədən Türkiyənin səyləri təqdirəlayiqdir. Hazırkı şəraitdə dünyanı ən çox maraqlandıran məsələlərdən biri məhz Qəzzada atəşkəsə nail olunmasıdır."

Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:

"Lakin hələlik bu razılaşmanın nə vaxt tam şəkildə qüvvəyə minəcəyi və hansı şərtlərlə icra olunacağı dəqiq bilinmir. Aydın məsələdir ki, tərəflərdə müəyyən ehtiyatlılıq mövcuddur. Bu da insanların atəşkəsin davamlılığına dair müəyyən şübhələrinə səbəb olur. İstisna edilmir ki, bu atəşkəs də əvvəlkilər kimi müvəqqəti xarakter daşıya bilər. Bu isə ən arzuolunmaz ssenari olardı, çünki humanitar fəlakətə son qoyulması yolunda ilk addım məhz atəşkəsin təmin olunmasıdır.

Atəşkəs sazişinin imzalanmasından sonra onun nə qədər davamlı olacağı gələcəkdə məlum olacaq. Bununla belə, atəşkəsin öz-özünə davam edəcəyini düşünmək reallığa uyğun deyil. Çünki atəşkəs və əsirlərin, girovların dəyişdirilməsi bu bölgədə humanitar problemin həlli üçün açar məsələlərdir.

Unutmaq olmaz ki, Qəzza  və İsrail arasında mövcud gərginlik sadəcə hərbi və ya humanitar deyil - çox dərin siyasi köklərə malikdir. Bu səbəbdən atəşkəs dövründə İsrail-Fələstin münaqişəsinin siyasi həlli istiqamətində real və ardıcıl addımların atılması vacibdir. Əgər bu istiqamətdə irəliləyiş olmasa, atəşkəs nə qədər davam edərsə etsin, onun əhəmiyyəti məhdud qalacaq.

Atəşkəs razılaşması, şübhəsiz ki, Yaxın Şərq üçün müsbət və irəliyə doğru bir addımdır. Bu qərar humanitar fəlakətin aradan qaldırılacağına dair müəyyən ümidlər yaradır. Eyni zamanda, o, bölgədə siyasi həll prosesinə yeni mərhələ aça bilər. Lakin bu mərhələnin necə formalaşacağı və davam edəcəyi gələcək hadisələrdən asılı olacaq.

Hazırda razılaşmanın bütün detallarının tam məlum olmadığı görünür. Atəşkəsə nəzarət mexanizmi, tərəflərə veriləcək təminatlar və 20 maddəlik sənəddə nəzərdə tutulan digər şərtlərin necə icra olunacağı hələlik bəlli deyil.

Hazırda məlum olan odur ki, atəşkəsin əldə olunması və əsir-girov dəyişdirilməsi ilə bağlı tərəflər arasında müəyyən razılaşma mövcuddur. Bu, şübhəsiz ki, müsbət haldır. Lakin atəşkəsin davamlılığı, İsrail-Fələstin münaqişəsinin siyasi həlli istiqamətində atılacaq addımlardan birbaşa asılı olacaq."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31