Rusiya-Azərbaycan münasibətlərində yeni səhifə? - ÖZƏL
9 Oktyabr 2025 15:43 Siyasət" Azərbaycanla Rusiya arasında münasibətlər gərgin olaraq qalır və bu gərginliyin əsas səbəbkarı Rusiyadır. Həm Azərbaycanın mülki təyyarəsinə qarşı hava hücumundan müdafiə sistemlərinin istifadə olunması, həm azərbaycanlıların Rusiyada təqib olunması, həm də bizim soydaşlarımızın döyülərək öldürülməsi faktları qalmaqdadır." Bu fikirləri Olaylar.az-a politoloq İlyas Hüseynov deyib: Bütün bu yaranan sualların həlli Rusiyanın marağında olmalıdır. Liderlər arasında Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində görüşdəki soyuq salamlaşma da bütün deyilənləri sübut edir. Lakin Putinin ad günündə Prezident İlham Əliyevin Rusiya liderinə zəng etməsi, eləcə də Düşənbədə MDB dövlət başçılarının sammitində iştirak etməsi Rusiya-Azərbaycan münasibətlərində müəyyən yumşalmanı formalaşdıra bilər. Lakin Rusiya tərəfi də münasibətlərin tənzimlənməsində səy göstərməli, təşəbbüslərlə çıxış etməli və Azərbaycanın suallarına, tələblərinə, açıq qalan məsələlərinə tutarlı, arqumentli cavablar verməlidir.
Əlbəttə, Rusiya maraqlıdır ki, Azərbaycanla münasibətlər düzəlsin və müttəfiqlik, qarşılıqlı fəaliyyət haqqında imzalanan bəyannamənin müddəalarından və tələblərindən irəli gələn ikitərəfli münasibətlər formalaşsın. Eyni zamanda, Rusiyaya qarşı beynəlxalq təcrid də göz önündədir. Rusiya-Ukrayna müharibəsi fonunda Rusiya ilə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı kəskin şəkildə azalıb. Cənubi Qafqazda gedən proseslərdə də Rusiya öz maraqlarını təmin etməyə çalışır və məhz bu xüsusda belə bir görüşün təşkil olunması birbaşa olaraq Rusiyanın istəyi və maraqları ilə mümkün olur".
Zeynəb Mustafazadə