Ermənistan və Qarabağ: Keçmiş dərslər, indiki reallıq və gələcək perspektivlər - ÖZƏL

"Mən düşünmürəm ki, Ermənistan xalqı belə tezliklə köhnə vəziyyətə qayıtmaq istəsin. Ümumilikdə ermənilər hazırda nisbətən daha rahatdırlar - çünki Qarabağ yükü onların çiyinlərinə görə deyildi."

Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:

"Rusiyanın təhriki ilə 1988-ci ildən sonra yavaş-yavaş bizim torpaqlarımızı işğal etməyə başlamışdılar. Onlar "Böyük Ermənistan" xülyaları qururdular, amma illər keçdikcə gördülər ki, böyük səhv ediblər. Azərbaycan torpaqlarına ziyan vurmaq və işğal etməkdən başqa, bu addım ermənilərin  özü üçün də ciddi zərər gətirdi. Qarabağ Ermənistan üçün həddən artıq ağır iqtisadi və demoqrafik yük oldu. Ermənistana aid olmayan qonşu torpaqlarını işğal etməklə ölkənin inkişaf yolunu bağladılar: uzun illər blokada şəraitində yaşadılar, dünyaya açılmaq və iqtisadi inkişafa nail olmaq imkanlarını əldən verdilər. Nəticədə Azərbaycanın sərvətlərinin Qərbə daşınmasında keçid məntəqəsi rolunu oynamaq imkanından məhrum oldular. Bununla yanaşı canlı qüvvə itkilərini də nəzərə almaq lazımdır.

Bütün bunları erməni xalqı görüb və gördüyü üçün mən düşünmürəm ki, onlar belə tezliklə yenidən keçmiş vəziyyətə qayıtmaq istiqamətində hər hansı addım atacaqlar. Revanşistləri hərəkətə gətirmək istəsələr də, onların böyük əksəriyyəti yaşlı və zəif düşmüş adamlardır - buna görə də ciddi nəticə əldə etmələrini gözləmirəm. Yeni, fəal qüvvələr ortaya çıxarmaq isə çox vaxt tələb edir. Bu baxımdan hesab edirəm ki, Rusiya Paşinyana alternativ tapa bilməyəcək. Önümüzdəki il ərzində Rusiyanın Ermənistanın daxili siyasətinə təsir imkanları indiki kimi məhdud səviyyədə qalacaq.

Üstəlik, Ermənistan cəmiyyətinin böyük hissəsi artıq Rusiyanı əvvəlki kimi dəstəkləmir və Moskva ilə mümkün qədər aranı saxlamağa üstünlük verir. Buna görə də narahat olmağa əsas görmürəm."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31