Qəbələ Zirvəsi - Kreml mətbuatının “türk” deyə sızıldayan yarasına basılan duz - ÖZƏL
14:43 Siyasət"Türkdilli Dövlətlər Təşkilatının 12-ci Zirvə görüşünün mövzusu "Regional sülh və təhlükəsizlik" idi. Mövzunun birinci hissəsi Azərbaycanın sülh gündəliyinə tamamilə uyğun gəlirdi. Digər bir yandan isə danılmaz faktdır ki, nəinki regionun, bütövlükdə dünyanın təhlükəsizlik arxitekturası yenidən qurulur. " Bu sözləri Olaylar.az-a açıqlamasında Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm HƏSƏNOVA deyib:"Bu məqamda biz hüququn gücü anlayışının gücün hüququna daha qətiyyətlə uduzduğunu görürük. BMT başda olmaqla siyasi təsisatlara inamsızlıq daha da artdı. Onların fəaliyyətlərinin formal olduğu aşkar və biabırcasına göründü. Bu istiqamətdə dünyanın müxtəlif regionalarında yeni güc mərkəzləri axtarılır, mövcud potensiallar dəqiqliklə dəyərləndirilir. Ayrı-ayrılıqda dövlətlər və xalqlar BMT TŞ-nin beş daimi üzvünün veto hüququ ilə dünyanı əlində təmərküzləşdirməsinə qarşı çıxırlar. Avropa İttifaqı, NATO-nun da durumu göz önündədir. Türkdilli Dövlətlər Təşkilatı yeni dünya düzənində yenidən, daha qətiyyətlə meydanda boy göstərir. Yeni düzəndə formalaşmağın üstünlükləri odur ki, keçmişdən dərs çıxarılsın. Lakin yeni risklər, çağırışlar da var ki, onlar da dəqiqliklə hesablanmalıdır. TDT üzvləri də, müşahidəçi dövlətlır də bunların fərqindədir.
TDT-nin bu dəfəki görüşündə Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Dövlət başçımız TDT ölkələri arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə Türkiyə-Azərbaycan nümunəsini göstərdi. 12-ci Zirvə görüşü, düşünürəm ki, bilavasitə məhz bu amil bəzi dairələrə yaman təsir edib, elə bil "türk" deyə sızıldayan yaralarına duz basmışıq. Bunun nəticəsidir ki, Kremlə bağlı media orqanlarının qara piara başladıqlarının şahidiyik. İstifadə edilən ritorika o qədər bənzərdir ki, dərhal bilirsən ki, inqubator kimi eyni yerdə istehsal olunur. Birincisi, Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşünün sonunda Qəbələ Bəyannaməsinin imzalanması eyni hədəfə vurduğumuzun təsdiqidir. Sual olunur ki, Türkmənistan əvvəlki qədər istəmirsə o zaman məhz Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov qismində iştirak nə demək idi? Berdiməhəmmədov dərin dövlət adamıdır, regional aktorlara da, dünya siyasətinə da yaxından bələddir, görüşə məhz özünün gəlməsi də dərin mətləblərdən xəbər verir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zirvə görüşündə bildirdi ki, "Türkmən qardaşlarımızı da təşkilatda daimi üzv kimi görmək istəyirik". "Türkmənistan əvvəlki tək istəmir" yox, əvvəlkindən fərqli yol tutur, TDT yolundadır. TDT müstəqil təsisatdır, eləcə də oradakı dövlətlər. Təsisat hansısa dövlətin istəyi, ya da təşkilat daxilində bir dövlətin göstərişi ilə deyil, üzv dövlətlər arasında qarşılıqlı hörmət və ümumi konsensusla fəaliyyət göstərir. Ya da hansısa siyasi təsisatın alt qurumu deyil. Müstəqil, getdikcə də qlobal aktora çevrilir. Mərkəzi Asiyanın türk dövlətlərinin Türkiyənin istəyi ilə Şimali Kipr Respbulikasını guya rəsmən tanımaq istəməməsi narrativinə gəldikdə isə bu məsələ hər bir dövlətin verəcəyi müstəqil qərarla tənzimlənəcək və məlum olacaq. Azərbaycan Prezidenti İlham Əliyevin sammitdəki çıxışında gələn il Türk Dövlətləri Təşkilatının birgə hərbi təlimləri barədə təklifinin guya digər üzvlər tərəfindən dəstəklənmədiyinə gəldikdə isə bircə faktı göstərmək kifayətdir. Dövlət başçımız təşəbbüskarlığı ilə seçilən Liderdir. Bu təşəbbüsün real olub-olmayacağı sualının cavabı isə Azərbaycan Prezidentinin əvvəlki təşəbbüslərinin artıq reallaşdığında tapır. "
İBRAHİM MƏMMƏDLİ