Ermənistanın strateji dəyişikliyi: Aİİ-dən çıxış başlayır? – ÖZƏL

"Ermənistanın Xarici İşlər Nazirliyində "Avrointeqrasiya Departamenti"nin yaradılması ilk baxışda texniki və diplomatik addım kimi görünsə də, əslində bu qərarın arxasında dərin geosiyasi niyyətlər dayanır. Bəllidir ki, Nikol Paşinyan hökuməti artıq bir neçə ildir  Rusiya ilə münasibətlərdə məsafə saxlamağa, Qərblə, xüsusilə də  Avropa İttifaqı ilə  siyasi, iqtisadi və təhlükəsizlik sahəsində əlaqələri genişləndirməyə çalışır.
Bu yeni departament Ermənistanın Avrasiya İqtisadi Birliyindən (Aİİ) çıxışına yönələn bir prosesin başlanğıcı kimi qiymətləndirilə bilər. Hələlik rəsmi İrəvan bu barədə açıq danışmasa da, Avrointeqrasiya istiqamətində atılan addımlar, Qərb formatlı təşəbbüslərə qoşulma və Rusiyadan enerji, hərbi və iqtisadi asılılığın azaldılması yönündə atılan addımlar bu məqsədin tədricən həyata keçirildiyini göstərir". 

Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert  Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert bildirib ki, bu, eyni zamanda,  Paşinyan hökumətinin Qərbə göndərdiyi siyasi jest də sayıla bilər. Ermənistan Avropa İttifaqına üzv olmaq üçün nə hüquqi, nə də iqtisadi baxımdan hazır deyil. Amma Paşinyan Qərb strukturlarına siqnal vermək istəyir ki, "biz istiqamətimizi dəyişirik və artıq Moskva orbitindən uzaqlaşırıq".

"Bu gediş regionda geosiyasi balansı da dəyişə bilər. Ermənistanın Rusiya təsirindən çıxması, Qafqazda yeni qüvvə nisbətləri yarada bilər. Lakin burada bir vacib məqam var ki, Ermənistanın iqtisadiyyatının mühüm hissəsi hələ də Aİİ bazarına bağlıdır və rus kapitalının dominantlığı davam edir. Bu səbəbdən, Moskva ilə gərginləşən münasibətlər İrəvan üçün iqtisadi və sosial baxımdan ciddi çətinliklər yarada bilər", - deyə ekspert əlavə edib. 

B.Quliyev bildirib ki, Avrointeqrasiya Departamentinin yaradılması rəmzi addım deyil, strateji dönüşün başlanğıcıdır. Paşinyan hakimiyyəti bu yolla ölkəni Qərbin təhlükəsizlik və siyasi çətiri altına salmaq niyyətindədir. Lakin bu istiqamətdə atılacaq hər bir addım Ermənistanın daxilində və regionda yeni ziddiyyətlər doğura bilər. Beləliklə, bu prosesin sonu ya Ermənistanın Qərbə tam inteqrasiyası ilə, ya da iki cəbhə arasında sıxışmış vəziyyətə düşməsi ilə nəticələnəcək. Hər iki halda, bu, Cənubi Qafqazda yeni geosiyasi xəritənin formalaşmasının başlanğıcı deməkdir.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31