Ermənistanın Avropa addımı: Yeni departament regionda balansı dəyişəcəkmi? - ÖZƏL
13:35 SiyasətErmənistan Xarici İşlər Nazirliyində yeni Avrointeqrasiya Departamenti yaradılıb. Baş nazir Nikol Paşinyanın imzaladığı sərəncama əsasən, bu qurum Avropa İttifaqı ilə əlaqələrin gücləndirilməsini hədəfləyir. Halbuki Ermənistan hələ Aİ-yə üzv olmaq üzrə namizəd statusuna malik deyil. Müşahidəçilərin fikrincə, bu addım ölkənin Avrasiya İqtisadi Birliyindən (Aİİ) uzaqlaşması və Rusiya ilə əlaqələrin zəifləməsi istiqamətində növbəti mərhələdir.
Ermənistanda Avrointeqrasiya Departamentinin yaradılması regionda geosiyasi balansı necə dəyişə bilər?
Bu mövzuda politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:
" Təbii ki, Ermənistan hakimiyyəti bir qərar qəbul edirsə, bunu özbaşına qəbul etmir və ya nizamsız, plansız hər hansı bir addım atmır. Onsuz da Nikol Paşinyan iqtidarının Qərblə əlaqələrinin nə qədər yaxın olması heç kimə sirr deyil. Nəzərə alaq ki, Ermənistanda inqilab başlayanda və Serj Sarkisyan hakimiyyətinin devrilib yerinə Nikol Paşinyan iqtidarının bərqərar olunması zamanı məhz Paşinyan aldığı dəstəyin əhəmiyyətli hissəsini sırf Qərb dövlətlərindən və Qərb dairələrindən alırdı və bu sayədə öz iqtidarını möhkəmləndirdi. Eyni zamanda Nikol Paşinyanın inqilab zamanı və hakimiyyətini bərqərar etdiyi zamanlarda xalqa verdiyi vədlərin başında sürətli bir şəkildə Avropaya inteqrasiya məsələsi var idi və dövlət strukturlarının Avropa sistemlərinə uyğun formalaşdırılması nəzərdə tutulurdu. İndi bu Avrointeqrasiya Departamentinin yaradılması həmin siyasi vədlərin məntiqi davamıdır. Paşinyan hakimiyyəti anlayır ki, dəyişən dünya reallıqları yeni dünya düzəninə keçid prosesində mütləq şəkildə müxtəlif güc mərkəzləri ilə əlaqələrini inkişaf etdirməli və daha yaxşı formalaşdırmalıdır. Yəqin ki, rusların imperial maraqlarından çıxış etməsi və Ermənistana süveren dövlət kimi lazımı diqqət göstərməməsi, Çinin coğrafi və mədəni-siyasi baxımdan uzaq olması Nikol Paşinyanı alternativ seçimlər barədə düşünməyə vadar edib. O hesab edir ki, Qərb hazırda Qafqazda imperial mövqedən çıxış etmək mümkün deyil, amma Qərbin sahib olduğu iqtisadi, texniki və digər üstünlüklərdən istifadə edərək Ermənistanda daha güclü bir vəziyyət yaratmaq, daha güclü bir dövlət inşa etmək mümkündür. Təbii ki, bu, Nikol Paşinyanın hesabına alınır, amma Avrointeqrasiya Departamentinin yaradılmasının birbaşa Avrasiya İqtisadi Birliyindən çıxmaq məqsədinə hesablandığı məsələsinə gəldikdə, əlbəttə ki, Avrasiya İqtisadi Birliyindən çıxmaq və ondan asılılığı azaltmaq Ermənistan siyasətinin əsas xətlərindən biridir. Bütün dövlətlərdə belədir ki, bir dövlət öz siyasi-iqtisadi suverenliyini və müstəqilliyini qorumaq istəyirsə, yalnız bir mərkəzə bağlı olmamalıdır. İqtisadiyyat şaxələnməli və fərqli iqtisadi-siyasi güc mərkəzləri ilə ortaq iş birlikləri qurulmalıdır. Paşinyan hakimiyyəti də məsələyə bu baxımdan yanaşır. Lakin zaman-zaman görürük ki, Ermənistan tərəfi Rusiyanın Ermənistana süveren dövlət kimi yanaşmaması halında həm KTMT kimi hərbi birlikdən, həm də Rusiya iqtisadi birliyindən, eyni zamanda MDB kimi siyasi-mədəni birlikdən çıxmaqla Rusiyanı şantaj etməyə, qorxutmağa çalışır. Avrointeqrasiya Departamentinin yaradılması da məhz iki məqsədə xidmət edir: Birincisi, Rusiyaya göstərişdir ki, Ermənistanın alternativləri var, ikincisi isə Paşinyan hakimiyyəti iqtisadiyyatını və siyasətini bütün sahələrdə paralel münasibətlərlə şaxələndirməyə, dövlətini bir tərəfin asılılığından qorumağa çalışır. Bu, Rusiya ilə münasibətlərə necə təsir göstərəcək və ya Avrasiya İqtisadi Birliyindən çıxışa aparan bir məsələ olacaq, yoxsa sadəcə taktiki addımdır? Siyasətdə bu məntiqi şəkildə hesablanmışdır və Ermənistan həm Avrasiya İqtisadi Birliyindən çıxmasa da, onun və Rusiyanın təsirindən suverenliyini qorumaq məqsədi güdür. İqtisadiyyatın şaxələndirilməsi və siyasi suverenliyin təmin olunması üçün bir addımdır. Eyni zamanda mesaj verir ki, Ermənistan daha çox tərəflərlə işləməyə maraqlıdır".
Zeynəb Mustafazadə