Rusiya və İranın ortaq maraqları Xəzərdə: Bakı və Astananın fərqi – ÖZƏL

Sankt-Peterburqda  Rusiya, İran, Qazaxıstan və Azərbaycan  Hərbi Dəniz Qüvvələri komandanlarının görüşü keçirilib.
Görüşdə Xəzər dənizində əməkdaşlıq, regional təhlükəsizlik və birgə təlimlər müzakirə olunub.
Təhlilçilər qeyd edirlər ki, İran Hərbi Dəniz Qüvvələri komandanı Şahram İraninin səfəri və bu dördtərəfli görüş, xüsusilə Rusiya və İran arasında son illərdə dərinləşən hərbi əməkdaşlıq xəttinin davamıdır. İki ölkənin donanmaları Xəzərdə dəfələrlə birgə təlimlər keçirib. Görüşün gərgin beynəlxalq şərait fonunda baş tutması diqqət çəkir.

"Rusiya və İranın həm qlobal məkanda, həm də regional səviyyədə ortaq maraqları mövcuddur. Bu baxımdan demək olar ki, Rusiya ilə İran arasında baş verən yaxınlaşmada müəyyən siyasi və strateji maraqlar mühüm rol oynayır".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, xüsusilə də, Rusiyanın Ukrayna coğrafiyasında Qərblə hərbi-siyasi qarşıdurması, eyni zamanda İranın Yaxın Şərqdə ABŞ ilə gərgin münasibətləri bu iki ölkə arasında müəyyən dərəcədə ortaq maraqların formalaşdığını göstərir. Buna görə də böyük ehtimalla, İranın yüksək rütbəli hərbi nümayəndələrinin Rusiya təmsilçiləri ilə görüşlərində müəyyən məsləhətləşmələr aparılır və ortaq fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə dair cəhdlər edilir.

Siyasi şərhçi qeyd edib ki, lakin bu məsələni Azərbaycan və Qazaxıstana aid etmək düzgün olmaz. Çünki nə  Azərbaycan, nə də Qazaxıstan qlobal və ya regional səviyyədə Rusiya və İranla eyni strateji maraqları bölüşmür. Azərbaycan bütün qonşu ölkələrlə və beynəlxalq aləmdə digər dövlətlərlə qarşılıqlı faydalı iqtisadi və ticarət münasibətlərinə üstünlük verir. Eyni zamanda, Azərbaycan hərbi ittifaqlara qoşulmur. Qoşulmama Hərəkatının üzvü olan ölkəmiz hər hansı tərəf tutmaq niyyətində deyil, əksinə, tərəfsizlik və neytral mövqedən çıxış etməyə üstünlük verir.

"Bu baxımdan demək olar ki, Azərbaycanın həmin görüşlərdə və təlimlərdə iştirakı sırf  Xəzər regionu ilə bağlıdır. Bu, Xəzər dənizində təhlükəsizliyin təmin olunması məsələləri ilə əlaqədardır və böyük ehtimalla Azərbaycanın bu prosesdə iştirakı da məhz Xəzərin  təhlükəsizliyi mövzusu ilə məhdudlaşır", - deyə ekspert əlavə edib.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31