Düşənbədə Əliyev-Putin görüşü: Bakı-Moskva münasibətlərində yeni mərhələnin əlaməti? - ÖZƏL
9 Oktyabr 2025 13:13 SiyasətKreml İlham Əliyev və Vladimir Putinin Düşənbədə MDB sammiti çərçivəsində görüşəcəyini təsdiqləyib. ŞƏT sammitindəki qısa salamlaşmadan sonra bu, Bakı-Moskva xəttindəki gərginlikdən sonra ilk real təmas olacaq. Rusiya mediasında İlham Əliyevin Putinə ad günü zəngi xüsusi vurğulanıb və bu, münasibətlərin bərpasında daha çox marağın Moskvadan gəldiyini göstərir.
Bakı-Moskva münasibətlərindəki gərginlik fonunda bu görüş real yumşalma və ya yeni mərhələnin başlanğıcı ola bilərmi? Mövzu ilə bağlı politoloq Elşad Həsənov Olaylar.az-a açıqlama verib:
" Rusiya ilə Azərbaycan arasındakı münasibətlər, 2024-cü ilin dekabrında Azərbaycan təyyarəsinin Rusiya ərazisində vurulmasından sonra vəziyyəti gərginləşdirdi. Azərbaycanın irəli sürdüyü tələblər isə Azərbaycanın şəxsi istəyi deyil, beynəlxalq hüquq normalarının tələbləridir. Yəni vurulmuş təyyarənin kompensasiyası, orada ağır yaralanan və ya ölən şəxslərin kompensasiyası, cinayətkarların cəzalandırılması və dövlət başçısının üzrxahlıq etməsi kimi məsələlər hüquqi əsaslara dayanır. Düzdür, dövlət başçısı həmin zaman məsələyə reaksiyasını göstərdi, amma digər məsələlər hələ də həll olunmayıb. O vaxtdan bəri Rusiya tərəfi bir neçə dəfə bildirdi ki, istintaq davam edir və nəticələr istintaq tamamlandıqdan sonra açıqlanacaq. Qeyd etmək lazımdır ki, belə cinayətlərin araşdırılması bir ilədək davam edə bilər. Lakin bütün bu məsələlər bir neçə aya aydınlaşdı. Hansı şəraitdə təyyarənin vurulduğu, kimin bu əmri verdiyi və kim tərəfindən icra edildiyi Rusiyanın teleqram kanallarında yayımlandı. Lakin Rusiya hələ də bu hadisələrə ciddi qiymət verməyib və susmaqdadır. Daha sonra iki Azərbaycan vətəndaşının qətlə yetirilməsi və azərbaycanlılara qarşı təxribatlar, hücumlar, onların Rusiyadan çıxarılması, vətəndaşlıqlarının ləğv edilməsi, diaspor nümayəndələrinin saxlanması və digər tədbirlər həyata keçirildi. Bütün bunlar Azərbaycanın qarşısında ciddi göstəriş nəticəsində baş vermiş hadisələrdir.
Təbii ki, Azərbaycan da öz növbəsində Rusiyanın Sputnik kanalının əməkdaşlarını saxladı və həbs etdi, bir neçə Rusiya vətəndaşı da cinayət başında tutuldu. Vəziyyət gərginləşdi və həmin dövrdən sonra yüksək dövlət rəhbərləri arasında heç bir kontakt olmayıb. Buna baxmayaraq, Azərbaycanla Rusiya arasında iqtisadi əlaqələr inkişaf edib. Siyasi müstəvidə vəziyyət gərgin olaraq qalırdı. Bir dəfə, Şanxay Əməkdaşlıq Təşkilatının tədbirində Putin İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva ilə salamlaşdı. Bundan sonra isə görüş baş verməyib. Təbii ki, Azərbaycan dövləti müstəqil siyasətini davam etdirir və Rusiyadan asılı deyil. Normal qonşuluq münasibətləri istəyirik, çünki hər iki ölkədə qarşılıqlı olaraq böyük diasporlar və işçi mühiti mövcuddur. Rusiyada Azərbaycanlılar, Azərbaycanda Rusiya vətəndaşları yaşayır və bu insanların hüquqlarına hörmətlə yanaşılmalıdır. Ona görə də, oktyabrın 7-də Qəbələdə TDT-nin Dövlət Başçılarının Şurasının 12-ci Zirvə Görüşü zamanı Azərbaycan Prezidenti Rusiyanın Prezidenti Vladimir Putinin doğum günü münasibətilə təbrik etdi. İlham Əliyev bunu həyata keçirərkən siyasi əlaqələr o qədər ürəkaçan olmasa da, etik normalara riayət etdi.
Bəli, Cənab Prezident İlham Əliyev və Vladimir Putinin Düşənbədə MDB sammiti çərçivəsində görüşəcəyi nəzərdə tutulur. Hesab edirəm ki, Azərbaycan Prezidentinin tələbləri beynəlxalq hüquq normalarına uyğun olaraq qalacaq. Artıq qara qutu araşdırılıb, törədilmiş cinayətkarlar müəyyən olunub. Azərbaycan bildirdi ki, hadisə qəsdən törədilməyib, amma hüquqi baxımdan kompensasiya ödənilməli və cinayətkarlar cəzalandırılmalıdır.
Hesab edirəm ki, bu gün Rusiyanın Azərbaycandan daha çox asılılığı var. Qərb dövlətlərinin tətbiq etdiyi sanksiyalar, Ukrayna müharibəsində iqtisadi cəhətdən uduzur və enerji sektorundakı problemlər Rusiyanı çətin vəziyyətə salıb. 30-40% neft zavodları vurulub, Rusiyanın böyük şəhərlərində benzin çatışmazlığı var, Çindən yenidən neft satın alır. Bu səbəbdən, Rusiyanın İrana qaz kəməri çəkmək istəyi və qaz satışı, məhz Azərbaycan üzərindən olar. Bu tipli məsələlər danışılacaq və vəziyyətin normallaşdırılması üçün, müvafiq addımlar atılması üçün Azərbaycan Prezidentinə məlumat veriləcək. Bir daha qeyd edirəm ki, Azərbaycan hər bir qonşusu, eləcə də Rusiya ilə normal münasibətlərin saxlanmasını istəyib. Biz bunu həmişə qoruyub saxlamışıq. Bütün gərginliyin əsas səbəbi Rusiyanın düzgün olmayan siyasətidir. Hesab edirəm ki, bu görüşdən sonra Rusiya-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində addımlar atılacaq və gərginlik səngiyəcək".
Zeynəb Mustafazadə