8 avqust anlaşması işləyir, bəs Mirzoyan niyə etiraz edir? – ÖZƏL
9 Oktyabr 2025 13:08 SiyasətErmənistan Xarici İşlər Naziri Ararat Mirzoyan Polşanın TVP World telekanalına müsahibəsində sülh müqaviləsi ilə bağlı maraqlı iddialar səsləndirib.
Nazir bildirib ki, Ermənistan sənədi imzalamağa hazırdır, lakin Azərbaycan tərəfinin irəli sürdüyü "əlavə şərtlər" prosesi ləngidir və İrəvan bu şərtlərlə razı deyil. Mirzoyan bu şərtlərin nədən ibarət olduğunu açıqlamayıb.
Bununla belə, o vurğulayıb ki, sülh prosesi imza mərhələsini gözləmədən davam edir. Buna sübut olaraq, nazir tərəflərin ATƏT-in Minsk Qrupu formatının bağlanması üçün birgə müraciət etməsini qeyd edib.
"Mirzoyan açıqlamasında "əlavə şərtlər" ifadəsini işlətməklə əslində, konkret şərtləri açıqlamamaq mövqeyini tutur. Bu, həm Ermənistan cəmiyyətinin, həm də beynəlxalq ictimaiyyətin zehnində sual və şübhə yaradır: görəsən, Azərbaycan tərəfi hansı əlavə şərtləri irəli sürür və niyə Ermənistan bunu qəbul etmir?".
.jpg)
Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Samir Hümbətov deyib. Siyasi şərhçi bildirib ki, bu yanaşma müəyyən mənada zamana oynamaq siyasəti kimi də qiymətləndirilə bilər. Halbuki Azərbaycan tərəfi əvvəldən də bildirib ki, bütün şərtlər 8 avqust razılaşmasında öz əksini tapıb. Həmin razılaşmada açıq şəkildə göstərilir ki, tərəflər orada nəzərdə tutulan bütün bəndlər və parametrlər üzrə öhdəliklərini yerinə yetirməlidirlər. Əgər artıq 8 avqust razılaşması mövcuddursa və sülh müqaviləsi paraflanıbsa, bundan sonra Azərbaycanın hər hansı yeni şərt irəli sürməsi üçün əsas yoxdur - bu, tam aydın məsələdir.
Siyasi şərhçinin fikrincə, Ermənistan tərəfi, xüsusilə Xarici İşlər Naziri Ararat Mirzoyan bu cür bəyanatlarla beynəlxalq ictimaiyyətin fikrini çaşdırmağa və ya sadəcə zaman qazanmağa çalışır. Əslində isə ortada "əlavə şərt" deyilən bir məsələ yoxdur - bütün vacib müddəalar həmin anlaşmada əksini tapıb. Ona görə də Ermənistan tərəfinin bu cür bəyanatlarını doğru və səmimi yanaşma kimi qəbul etmək olmaz. Mirzoyanın səsləndirdiyi fikirlər qəbulolunan deyil və bu mövqedən aydın şəkildə görünür ki, Ermənistanın əsas məqsədi danışıqlar prosesindən yayınmaqdır.
"Mirzoyanın bu açıqlaması, xüsusilə də belə bir həssas dövrdə sülh prosesinə birbaşa zərbə olmasa da, onun ləngidilməsinə yönəlmiş siyasətin göstəricisidir. Bu da Ermənistanın prosesə real sülh niyyəti ilə yanaşmadığını göstərir", - deyə ekspert sonda əlavə edib.
Lamiyə Cəbrayılova