Qısa zamanda panfarsizm İranda da çökəcək- Elman Cəfərli- ÖZƏL

"Quzey Azərbaycanda İran cəmiyyəti ilə bağlı yanlış təsəvvürlər var. Bəziləri 30 ildir inanır və insanları da inandırmağa çalışır ki, İran SSRİ kimi bir dövlətdir və elə Sovet İttifaqı kimi dağılacaq. Bu düşüncə yanlışdır".
Bu sözləri Olaylar.az-a açıqlamasında Güney  Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli  deyib. Onun sözlərinə görə, İrandakı sistem SSRİ-dən fərqlidir: "1828-ci ildə Rus imperiyası ilə Qacar dövləti arasında bağlanmış "Türkmənçay" sülhündən sonra Azərbaycan torpaqları iki yerə bölündü, xalqımız ayrı yaşamaq zorunda qaldı. Quzey  Azərbaycan 100 il sonra öz müstəqil dövlətini qura bildi. 1920-ci ildə bolşeviklər tərəfindən yenidən ilhaq edilsə də, sonra SSRİ-nin tərkibinə daxil olsa da quzeydəki sistem güneydəkindən daha mütərəqqi idi. 200 illik rus işğalı dövründə Quzey  Azərbaycan cəmiyyəti dünyəvi təhsil aldı, modern Avropa mədəniyyətinə qovuşdu, opera, kino, teatr, universitetlər, Elmlər Akademiyası yarandı. Lakin Güney bu proseslərdən kənarda qaldı. Güneydə hələ də 500 illik şəriət-hüquq sistemi hakimdir. Belə bir mühitdə Bəxtiyar Vahabzadə, Xudu Məmmədov, Aydın Məmmədov, Əbülfəz Elçibəy, Sabir Rüstəmxanlı və digər milli düşüncəli ziyalılar yetişə bilməzdi. 1945-46-cı illərdə mövcud olmuş Milli hökumət isə Bakının birbaşa təsiri ilə yaranmışdı. Seyid Cəfər Pişəvəri də Bakıda təhsil almışi, inqilabi ruhda yetişmişdi. Azərbaycan SSR-də  SSRİ daxilində formal da olsa dövlət sturukturları var idi. Güneydə isə Güney  Azərbaycan adında bir ərazi vahidi də yoxdur. Ən pisi odur ki, 500 illik məzhəblə çulğalaşmış paniranist təbliğat öz təsiri göstərib: Güney insanı özünü vahid İranın bir parçası sayır. Bizim işimizi çətinləşdirən də odur. 35 ildir yazırıq, mübarizə aparırıq, amma İranda  Azərbaycan dilində bir məktəb aça bilməmişik. Bütün İran ərazisində sayı 50-ni keçməyən fədakar ana dili müəllimlərini çıxsaq, Azərbaycan dilində məktəb kiminsə yadına düşmür. 30 ildir müstəqilik, Quzey  Azərbaycanda belə rus dili sevdalıları var. Ancaq son illər onların sayı xeyli azalıb. Çox təəssüf ki, Güneydə fars dili aşiqləri azalmır".
Elman Cəfərli deyib ki, Güney Azərbaycan azad olmaq istəyirsə, öncə hakim ideologiyanın təsirindən azad olmalıdır: "Məzhəbçiliyə dayanan hazırki İran ideologiyasının türkə heç bir faydası yoxdur. Əksinə, bizi türk islam dünyasından ayırmaq məqsədi güdür. Güney Azərbaycan insanının sarılmalı olduğu ideya türkçülük, müasirləşmə, modern dünyaya inteqrasiya olmalıdır. Bizim kiminsə inancı ilə işimiz yoxdur. Kim istəyər əlibağlı namaz qılar, kim istəyər əli açıq. Kim istəyər Məşhədi, Kərbəlanı ziyarətə gedər, kim istəyər Məkkəni. Lakin bir şeyi bilməliyik ki, şüubiyyənin təsiri ilə formalaşmış şiə ideologiyası bizim deyil, heç zaman da bizim olmayıb. Bu ideologiya əksinə bizə  türk dünyası ilə birləşməyə mane olur".
E. Cəfərlinin sözlərinə görə, Yaxın Şərqdə baş verən son proseslər Güney məsələsində gələcəyə ümidlə baxmağa əsas verir: "15 il öncə yəqin ki, yadınızdadır. İran və ona bağlı proksi qüvvələr Yaxın Şərqdə at oynadırdı. Bu gün İranın güvəndiyi o qüvvələrin əksəriyyətinin rəhbəri, məşhur generallar öldürülüb. İranın son illər Azərbaycanda əl-ayağı kəsilib. Bakıda, Gəncədə, cənub bölgəsində kök salmış xomeyniçi cameə sıradan çıxarılıb. İran artıq xomeyniçiliyi yaxın xaricə ixrac etmək siyasətini həyata keçirə bilmir. Xamneyi rejiminin başı özünə qarışıb, buna da heç həvəsi də yoxdur. Çox yaxın gələcəkdə proseslər İranın daxilinə keçəcək. Son illər Güneydə türkçülük meylləri, tarixi soy-kökə qayıdış, milli mənəvi sərvətlərə sahib çıxma çabaları güclənib. Qısa zamanda panfarsizm İranda da çökəcək. O zaman milli qüvvələr ortaya çıxacaqlar. İndidən o qüvvələrin yetişməsini sürətləndirməli, onlara sahib çıxmalıyıq".

İBRAHİM  MƏMMƏDLİ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31