Ermənistanın iddialarına cavab: Azərbaycanın əsas tələbi açıqlanıb - ÖZƏL
9 Oktyabr 2025 13:16 Siyasət" Ermənistan rəsmiləri tərəfindən zaman-zaman bir-birinə zidd açıqlamaların verildiyinin şahidi oluruq. Və 8 avqustdan sonra belə bir açıqlamanın verilməsi müəyyən qədər təəccüb doğurub. Mirzoyan Azərbaycanın hansı əlavə şərtlər irəli sürməsi məsələsində dəqiqləşdirmə aparılmayıb." Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib: "Belə çıxır ki, guya Azərbaycan Vaşinqtonda sənəd paraflanandan sonra hansısa yeni tələblər irəli sürüb. Bu, tamamilə yanlış fikirdir və sadəcə olaraq ictimai rəyin çaşdırılması üçün hesablanmış bir açıqlamadır. Azərbaycanın Ermənistana qarşı əvvəldən bəlli tələbləri olub və bu tələblər qüvvəsində qalmaqdadır. Bu tələblər iki əsas məsələni əhatə edirdi. Birincisi, ATƏT-in Minsk qrupunun buraxılması idi ki, artıq bu məsələ öz həllini tapıb. İkinci məsələ isə Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı yer alan ərazi iddiaları ilə bağlıdır. Azərbaycanın Ermənistandan tələbi ondan ibarətdir ki, bu məsələ ilə bağlı referendum keçirilsin, Konstitusiyada dəyişikliklər edilsin, həmin müddəalar oradan çıxarılsın. Çünki Azərbaycan Ermənistanda hansısa siyasi qüvvə və ya hökumətlə deyil, ümumilikdə Ermənistan dövləti və cəmiyyəti ilə davamlı sülh əldə etmək naminə sülh müqaviləsi bağlamaq niyyətindədir. O baxımdan bizim üçün maraqlıdır ki, Ermənistanda konstitusiya dəyişiklikləri ilə bağlı referendum keçiriləcəyi təqdirdə erməni cəmiyyətinin bu məsələyə münasibəti necə olacaq? Əgər erməni cəmiyyəti Konstitusiya dəyişikliklərinə razılıq verəcək və qəbul edəcəksə, bu o deməkdir ki, erməni cəmiyyəti Azərbaycanla sülh şəraitində yaşamağa hazırdır. Əgər əks reaksiya göstəriləcəksə, təbii ki, bu artıq tamamilə fərqli bir mənzərə və şərait yaradacaq. O baxımdan bu fikirlərin dəqiqləşdirilməsi vacibdir və bu, əslində bir təbliğat kimi dəyərləndirilə bilər. Yəni, Ermənistan yenidən özünü sülhpərvər obrazında təqdim etməyə və Azərbaycanın guya prosesdən çəkildiyini göstərməyə çalışır. Bu isə tamamilə yanlış yanaşmadır.
Bir daha qeyd edim ki, Azərbaycanın Ermənistandan hazırda yalnız bir tələbi qalıb, o da Konstitusiya dəyişiklikləri ilə bağlıdır. Hər hansı əlavə tələbin irəli sürülməsi ilə bağlı deyilən fikirlər tamamilə absurd və qəbuledilməzdir".
Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Polşanın TVP World telekanalına müsahibəsində Ermənistan-Azərbaycan münasibətləri və sülh prosesi ilə bağlı çıxışı zamanı bildirib ki, Ermənistan sülh müqaviləsini imzalamağa hazırdır, lakin Azərbaycan tərəfi "əlavə şərtlər" irəli sürür ki, bu da rəsmi İrəvanın narazılığına səbəb olur.
O qeyd edib ki, müqavilənin imzalanması gözlənilmədən proses davam edir. Buna misal olaraq Mirzoyan tərəflərin ATƏT-in Minsk Qrupu prosesinin bağlanması üçün birgə müraciət etməsini göstərib.
Zeynəb Mustafazadə