Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi uğurlu model kimi qəbul olunur- ÖZƏL
11:08 Siyasət"Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündəki çıxışında hərbi əməkdaşlığın Türk dünyasının birliyində vacib yer tutduğunu diqqətə çatdırıb". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Asif Əsgərov deyib: "Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi sözügedən sahədə ən uğurlu model kimi qəbul olunur. Yalnız son bir ildə iki ölkə arasında 25-dən çox birgə hərbi təlimin keçirilməsi əməkdaşlığın dərinliyini göstərir. Bundan əlavə, dövlətimizin başçısı gələn il ərzində Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edib. Bu təşəbbüs Türk dünyasının müdafiə gücünü koordinasiyalı şəkildə artırmaqla yanaşı, regional sülh və sabitliyin möhkəmlənməsinə xidmət edəcək.
Zirvə çıxışında Prezident İlham Əliyev Türk dünyasının ortaq mənəvi irsini də ön plana çəkib. Azərbaycan Prezidenti 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın tarixini xatırladaraq, gələn il bu hadisənin 100 illiyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə qeyd olunmasını təklif edib. Bu təşəbbüs Türk xalqları arasında mədəni, elmi və dil birliyinin qorunması istiqamətində yeni mərhələ açacaq.
Prezident İlham Əliyev çıxışının sonunda Qarabağın və Şərqi Zəngəzurun bərpasına verdikləri dəstəyə görə qardaş ölkələrə minnətdarlığını bildirib. Füzulidə Mirzə Uluqbəy adına məktəb, Ağdamda Manas məktəbi, Cəbrayılda təhsil ocağı və Füzulidə tikilən məscid Türk həmrəyliyinin real təzahürləridir. Bu təşəbbüslər türk xalqlarının birliyinin yalnız siyasi deyil, həm də mənəvi dəyər daşıdığını göstərir".