Rusiya Paşinyana qarşı namizəd axtarışına çıxıb

Bu ölkənin Cənubi Qafqazda mövcudluğu Ermənistan parlament seçkilərindən keçir

Ermənistanda parlament seçkilərinin 2026-cı il iyunun 7-də keçirilməsi nəzərdə tutulur. Hazırda həm hakimiyyət, həm də müxalifət aktiv şəkildə parlament seçkilərinə hazırlaşır. Odur ki, ölkənin siyasi mənzərəsi və qüvvələr nisbətini diqqətlə nəzərdən keçirmək zərurəti yaranır. Real vəziyyət deməyə əsas verir ki,  hakimiyyət düşərgəsi monolitdir, hər hansı parçalanma, əks cinaha meyil etmək tendensiyası yoxdur. İqtidar əsasən ölkədə son illər müxtəlif sahələrdə aparılan islahatları, ən əsası isə Azərbaycanla sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında saziş layihəsinin paraflanmasını, erməni əsgər və zabitlərinin daha həlak olmadığını, şərti sərhəddə sabitliyin hökm sürməsini əsas nailiyyəti kimi təqdim edir. Şübhəsiz ki, bu məsələ iqtidarın seçki platformasında xüsusi yer tutacaq. Müxalifət isə hələlik dağınıq təsiri bağışlasa da, bu düşərgənin əhatə dairəsi kifayət qədər genişdir. Bura ölkənin üç keçmiş prezidenti, onların zamanında yüksək vəzifələr tutmuş Seyran Ohanyan, Vardan Oskanyan kimi odioz fiqurlar, həbsdə olan erməni əsilli rusiyalı milyarder Samvel Karapetyan, Erməni Apostol Kilsəsi, onun rəhbəri II Qaregin, baş nazir Nikol Paşinyanın vəzifədən çıxardığı Arman Tatoyan, Edmon Marukyan kimi şəxslər, "Daşnaksütyun", "Şərəfim var" partiyaları və parlament fraksiyaları, eləcə də 2023-cü ildə Qarabağdan köçüb getmiş keçmiş separatçı rejimin rəhbərləri, onların əlaltıları daxildir. Görünən odur ki, bu düşərgə seçkiləri Paşinyanı devirmək üçün bir fürsət, bəlkə də son şans hesab edir. 
Siyasi şərhçi Vüqar Dadaşov qeyd edib ki, Ermənistanda keçiriləcək parlament seçkiləri Ermənistanın avrointeqrasiya talehini və Rusiyanın Ermənistanda mövcudluğuna əhəmiyyətli təsir edən siyasi proses hesab etmək olar. İndidən proses Rusiya yönümlü qüvvələrin liderləri arasında ciddi fikir ayrılıqları yaradıb. Buna baxmayaraq, Rusiya Ermənistanda bütün imkan və qüvvələri səfərbər etməklə Paşinyanı hakimiyyətdən kənarlaşdırmağı planlayır. Hələ ki, mövcud vəziyyət Ermənistan baş naziri Nikol Paşinyanın xeyrinə işləyir: "Məsələ burasındadır ki, Rusiyanın Ermənistanda Samvel Karapetyan "gedişi" iflasa uğradıqdan sonra, Sarkisyan yaxud Koçaryan "seçimi" məcburiyyəti Rusiya yönümlü liderlərin arasında parçalanmaya səbəb olub. Yeni real siyasi lider ortaya çıxarmaq isə Rusiya üçün hələlik mümkün görünmür. Artıq Robert Koçaryan və Serj Sarkisyan arasında yaranan ziddiyyət özünü büruzə verir və getdikcə bu ziddiyyət Rusiyanın kimi dəstəkləməsi ilə daha da dərinləşə bilər. Keçmiş prezident və indiki hakimiyyətə yaxın hesab edilən Levon Ter-Petrosyanın da Paşinyandan imtina edərək Rusiya cəbhəsində yer alması sözsüz ki, Ermənistanda keçiriləcək seçkiyə  ümidlə bağlıdır.
Müşahidələr göstərir ki, Rusiyanın namizədlər siyahısında yer alan Robert Koçaryana xüsusi yanaşma var. Ancaq bu, o demək deyil ki, Rusiya Ermənistanda baş tutacaq seçkilərdə yekun namizədinə son seçimini edib. Buna görə də Robert Koçaryan aid olduğu Rusiya cəbhəsindəki və revanşistlərin içində özünə rəqib bildiyi fiqurları zəiflətməyə və kənarlaşdırmağa başlayıb. Serj Sarkisyan və Robert Koçaryan artıq vahid güc deyil. Sözsüz ki, Rusiyanın və eləcə də hakimiyyətə  müxalif qüvvələrin Sarkisyana münasibətinin əsasında onun 2018-ci ildə Paşinyan qarşısından geri çəkilməsi durur.
Rusiyanın Ermənistanla bağlı planlarında qətiyyətinin əsas səbəbi bütün Cənubi Qafqazda mövcudluq məsələsidir. Bu isə Rusiya dövlətçiliyinin imperialist əsaslarına güclü psixoloji və strateji zərbədir. Ermənistanda Rusiya meyilli liderin hakimiyyətə gətirilməsi ABŞ-ın Zəngəzur dəhlizindən kənarlaşdırılmasına imkanlar yarada bilər. Əbəs deyil ki, Robert Koçaryan bu günlərdə xarici mətbuata açıqlamasında Zəngəzur dəhlizinin Ermənistan üçün heç bir əhəmiyyətinin olmadığını bildirib. Təbii ki, ABŞ başda olmaqla kollektiv Qərb Paşinyan hakimiyyətini qorumağa çalışacaq".

Onun sözlərinə görə, Rusiya üçün Cənubi Qafqazda mövcudluq mərhələsi Ermənistan parlament seçkiləri üzərində keçirilir:  "Düşünürəm ki, arzu olunan olmasa da, prosesə silahlı müdaxilə aktuallığında qalır. Gürcüstanda mitinqlər, Moldovada Sandunun təkrar qələbəsi Rusiyanı daha da ciddi addımlara sövq edə bilər. Əlbəttə ki, Rusiya Azərbaycana qarşı da düşmənçilik siyasətini dayandıran deyil, ancaq münasibətləri normallaşdırmaqda da çox maraqlıdır. Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun verdiyi açıqlamaya görə, Tacikistanda keçiriləcək sammitdə Rusiya və Azərbaycan prezidentlərinin görüşü planlaşdırılır. Azərbaycanla normal münasibət Rusiya üçün nəinki həyati vacib zərurətdir, hətta Ermənistanda keçiriləcək seçkinin nəticəsinə də öz təsirini göstərə bilər.
Qaldı ki, Ermənistanda Paşinyanın yenidən qələbəsinin mümkünlüyünə, təbii ki, bu ehtimal çox yüksəkdir. Baş nazirin irəli sürdüyü "Dördüncü Respublika", real və münaqişəsiz Ermənistan planları erməni cəmiyyətinin çoxluğunun istəyinə uyğundur. Onu da nəzərə almaq lazımdır ki, Paşinyan eyni zamanda Ermənistan katolikosu Qareginlə mübarizəsini davam etdirir. Amma vəziyyət elə bir həddə çatıb ki, Paşinyan paralel kilsə hakimiyyəti yaratmaq yolunda mühüm addımlar atır. Olsun ki, bu vəziyyətdə kilsə də o seçim qarşısında Paşinyan hakimiyyətinə mane olmaqdan çəkinəcək. Yəni, parlament seçkisində ona mane olmağa açıq cəhd göstərməyəcək. Əgər Paşinyan Rusiyadan müdaxiləni neytrallaşdıra bilərsə  növbəti seçkilərdə qələbəsini təmin edə bilər. Heç şübhəsiz ki, Rusiya Koçaryanla Ermənistanda hakimiyyəti götürmək şansının çox az olduğunun fərqindədir. Ona görə də Rusiya namizəd axtarışını ən son məqama kimi davam etdirəcək".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31