Sahibə Qafarova və Qordan Yandrokoviç mətbuata bəyanatlarla çıxış ediblər

Oktyabrın 8-də Milli Məclisin sədri Sahibə Qafarova və Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviç ikitərəfli görüşdən sonra mətbuata bəyanatlarla çıxış ediblər.
Xorvatiya parlamenti sədrinin Azərbaycana rəsmi səfərinin bir sıra məqamlarla əlamətdar olduğunu söyləyən spiker Sahibə Qafarova, ilk növbədə qeyd edib ki, bu səfər ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə təsadüf edir. Digər tərəfdən isə bu, son 11 ildə iki ölkə arasında parlament sədrləri səviyyəsində həyata keçirilən ilk səfər və görüşdür. Milli Məclisin sədri, bu mənada Qordan Yadrokoviçin səfərinin ölkələrimiz və parlamentlərimiz arasındakı əlaqələrin daha da dərinləşməsinə töhfə verəcəyini bildirib. 
Vurğulanıb ki, Azərbaycan-Xorvatiya əlaqələri dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanaraq, ötən 30 ildə əlaqələr müxtəlif sahələr üzrə uğurla inkişaf edib və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.  İki ölkə arasındakı fəal siyasi dialoq, ali və yüksək səviyyəli səfərlər, müntəzəm təmaslar qeyd olunaraq, xüsusilə, dövlət başçıları arasında ikitərəfli görüşlərin qarşılıqlı maraq doğuran məsələlərin və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi baxımından olduqca əhəmiyyətli olduğu bildirilib. 
Münasibətlərin dərinləşməsində parlamentlər arasında əməkdaşlığın da əhəmiyyəti vurğulanaraq, hər iki parlamentdə dostluq qruplarının fəaliyyət göstərdiyi, nümayəndə heyətlərinin qarşılıqlı olaraq parlamentlərimizin təşkil etdiyi tədbirlərdə, bir sıra beynəlxalq parlament təşkilatlarının işində birgə iştirak etdikləri qeyd olunub. Spiker Sahibə Qafarova, parlamentlərimiz arasındakı əlaqələri daha da genişləndirmək üçün yaxşı imkanlar olduğunu bildirərək, Qordan Yandrokoviçin səfərinin də bu imkanlardan istifadə etmək niyyətimizi təsdiq etdiyini söyləyib. O, görüş zamanı parlamentlər arasında əməkdaşlığın müxtəlif istiqamətləri üzrə müzakirələr aparıldığını bildirib.
Xorvatiya Parlamentinin sədri Qordan Yandrokoviç də bu görüşün parlament sədrlərinin 2014-cü ildən bəri ilk görüşü olduğunu xatırladaraq, səfərin məhz bu il, ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə təsadüf edən bir vaxtda baş tutmasını xüsusilə vurğulayıb. Parlament sədri ölkəmizə səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü barədə xoş təəssüratlarını bölüşüb. Xorvatiya və Azərbaycanın intensiv siyasi dialoq və mükəmməl iqtisadi əlaqələrə sahib olan strateji tərəfdaş və dost ölkələr olduğunu bildirən Qordan Yandrokoviç deyib ki, ölkəsi Azərbaycanın müstəsna iqtisadi nailiyyətlərini, eləcə də onun təkcə Cənubi Qafqazda deyil, həm də regiondan kənarda oynadığı əhəmiyyətli rolu tanıyır və alqışlayır.
Parlament sədrləri arasında görüşdə müzakirə olunan məsələlər haqqında da məlumat verən Qordan Yandrokoviç deyib ki, görüşdə ikitərəfli münasibətlərimizin müxtəlif istiqamətləri, habelə cari geosiyasi çağırışlar və təhlükəsizlik böhranları, o cümlədən Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarının hazırki durumu ilə bağlı fikir mübadiləsi aparılıb. Onun sözlərinə görə, Xorvatiya Azərbaycan və Ermənistan arasında sülh gündəliyi istiqamətində indiyədək əldə edilmiş irəliləyişi qətiyyətlə dəstəkləyir.
Xorvatiya Parlamentinin sədri qanunverici orqanlarımız arasında əməkdaşlığın daha da gücləndirilməsinə xüsusi diqqət yetirmək istədiklərini qeyd edərək, bu səfəri Xorvatiya parlamentinin gələcəkdə bu istiqamətdə yeni addımlar atmağa hazır olduğunun təsdiqi kimi dəyərləndirib. O, bu istiqamətdə atıla biləcək addımlar barədə fikirlərini ifadə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31