Elmir Səftərov: “Rusiya Qərbin təsirini təhdid kimi görür, amma reallıq fərqlidir” - ÖZƏL

" Rusiyanın Dövlət Dumasının MDB işləri üzrə Komitə sədrinin birinci müavini Viktor Vodolatskinin "Avropa İttifaqı Azərbaycan, Gürcüstan və Ermənistanın dövlətçiliyini məhv etməyə çalışır" fikri ciddi faktlarla əsaslandırılmayıb. Belə bəyanatların inandırıcı olması üçün real sübutlar təqdim edilməlidir". 

Bu fikirləri politoloq Elmir Səftərov Olaylar.az-a açıqlamasında söyləyib: 
"Təbii ki, Vodolatskinin fikirlərində müəyyən ideoloji və ya geosiyasi müşahidələr mövcud ola bilər. Lakin Cənubi Qafqaz ölkələrinin hər biri fərqli siyasi kursa və Aİ ilə müxtəlif əməkdaşlıq səviyyəsinə malikdir.
Azərbaycanın xarici siyasət strategiyası bərabərtərəfli və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Bakı heç bir tərəfdən asılılığı artırmadan, çoxşaxəli və balanslı siyasət yürüdür. Bu kurs ölkənin bütün qlobal və regional qütblərlə əməkdaşlığının inkişafına şərait yaradır. Rusiya isə Ukraynadakı müharibə fonunda Qərbin sərt sanksiyaları ilə üzləşdiyi üçün ideoloji qarşıdurma mühitində fəaliyyət göstərir. Moskva bu səbəbdən Qərbin Cənubi Qafqazdakı artan təsirini öz maraqlarına təhdid kimi qiymətləndirir. Bu kontekstdə xüsusilə Ermənistanın Qərbə açıq şəkildə inteqrasiya cəhdləri Kreml üçün narahatlıq doğurur. Ermənistanın çoxtərəfli platformalarda Qərb ilə əməkdaşlığı dərinləşdirməsi Rusiyada belə təəssürat yaradır ki, bu kurs İrəvanın dövlətçiliyini zəiflədə bilər. Moskva Ermənistan cəmiyyətinə Qərbin bölgədəki hərbi-siyasi iştirakının "mənfi ideoloji təsirlər" gətirəcəyi mesajını verməyə çalışır. 
Ümumilikdə isə həm Rusiya, həm də Qərb rəsmilərinin qarşılıqlı informasiya və təbliğat ritorikası qlobal gərginlik fonunda daha da güclənir. Bununla belə, Azərbaycan balanslı və müstəqil siyasətini qoruyaraq bütün tərəflərlə bərabərtərəfli münasibətləri davam etdirməyə üstünlük verir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31