Qəbələ Zirvə görüşü nə vəd edir?- ÖZƏL

Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə cənab Prezidentimiz İlham Əliyevin nitqində türk dünyasının bu günü və gələcəyi ilə bağlı aşağıdakı bir sıra prinsipial məsələlər öz əksini tapıb: 
 Azərbaycanın qədim tarixi,  eramızdan əvvəl IV əsrdə əsası qoyulmuş və eramızın VIII əsrinə qədər mövcud olmuş Qafqaz Albaniyasının paytaxtı Qəbələ haqqında məlumat verildi;
 Türk Dövlətləri Təşkilatı təkcə əməkdaşlıq platforması deyil, eyni zamanda ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır, beynəlxalq nüfuzu artır. Üzv dövlətlərdəki daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya, gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii ehtiyatlar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial təşkilatın beynəlxalq aləmdə rolunu artırır;
 ortaq tarixi, etnik kökləri və milli-mənəvi dəyərləri olan türk dünyası bir ailədir;
 hər bir ölkənin inkişafı üçün əsas amil sülh və təhlükəsizlik olduğundan təşkilatın üzvü olan ölkələr də yalnız sülh istəyir, təhlükəsizliklərinin təmininin qayğısına qalırlar. Sülh türk millətlərinin xarakteridir. 
 Təhlükəsizlik təmin edilmədən inkişaf mümkün olmadığından beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu indiki dövrdə bu ölkələr arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq zəruridir. Bu baxımdan Türkiyə ilə dərin əməkdaşlıq bir örnəkdir. Əməkdaşlığın çoxtərəfli formata keçirilməsinin zərurət və türk millətlərinin istəyi olduğu şübhə doğurmur. Bu baxımdan dövlət başçımızın hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif etməsi tarixi əhəmiyyət daşımaqla, həyata keçirilməsi əməkdaşlığın inkişafında yeni səhifə açacaqdır. Hərbi güc olmadan dövlət müstəqilliyini və ərazi bütövlüyünü qorumaq mümkün deyildir. Turan ordusunun qurulması getdikcə tələbata çevrilir;
 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər, 2023-cü ildə antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulması, ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpa olunması yalnız milli iradənin və əzmkar mübarizənin təntənəsi deyil, eyni zamanda ilahi ədaləti bərpa edən cənab Prezidentimiz İlham Əliyevin, rəhbərliyi  altında dövlətimizin və millətimizin bölgədə sülhün, sabitliyin bərqərar olunmasına töhfəsidir; 
 Azərbaycan milləti heç vaxt təcavüzkar Ermənistanın ərazilərimizi işğal etməsini unutmayacaq, şəhidlərin əziz xatirəsini həmişə qəlbində yaşadacaqdır;
  nəqliyyat-kommunikasiya əlaqələri təşkilat çərçivəsində strateji əhəmiyyət daşıyır. Azərbaycan Türkiyə ilə Türküstan arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu oynayır. Azərbaycan beynəlxalq nəqliyyat mərkəzlərindən biridir;
 Vaşinqton Zirvəsinin mühüm nəticələrindən biri həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi əhəmiyyət kəsb edən Zəngəzur dəhlizinin açılmasıdır;
 sülh, regional bağlantılar və iqtisadi inkişafla əlaqəli olan digər mühüm istiqamət enerji təhlükəsizliyidir. Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləyib. Azərbaycan 14 ölkəyə təbii qaz ixrac edir. Coğrafi əhatəsinə görə boru kəmərləri ilə təbii qaz ixrac edən ölkələr sırasında Azərbaycan birinci yerdədir;
 Türküstan,  Azərbaycan, Türkiyə və Avropa yaşıl enerji dəhlizi üzərində işlər görülür;
 2026-cı ildə 1926-cı ildə Bakıda təşkil edilmiş birinci Türkoloji Qurultayın 100 illiyik yubileyinin təşkilat çərçivəsində keçirilməsi təkcə tarixi köklərə ehtiram deyil, eyni zamanda türk millətlərini birləşdirən qırılmaz tarixi zəmindən güc alaraq daha da irəli getməkdir;
 özbək, qazax və qırğız qardaşlarımızın hədiyyəsi olaraq Füzulidə Mirzə Uluqbəy adına məktəbin, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin, Ağdamda Manas adına məktəbin fəaliyyət göstərməsinin, macar qardaşlarımızın hədiyyəsi olaraq Cəbrayılda məktəbin tikintisinin davam etdirilməsinin, türkmən qardaşlarımızın hədiyyəsi kimi Füzuli məscidinin təməlinin qoyulmasının deyilməsi təkcə təşəkkür etmək deyil, bu fəaliyyətlərlə təməlləri möhkəmləndirilən türk birliyinin gələcək nəsillərə yol göstərməsidir. Məktəb və məscidlərin tikintisi öz gücünü məktəbindən, elmindən, təhsilindən və mənəvi-ruhani köklərindən alan türk millətlərinin onları qoruyaraq irəli gedəcəklərini, bir yerdə olduqca həmişə zəfər qazanacaqlarından xəbər verir.



Musa Qasımlı
Milli Məclis sədrinin müavini

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31