Türkiyədə dini, humanitar fəaliyyət yüksək səviyyədə təşkil olunub- ÖZƏL
8 Oktyabr 2025 10:39 SiyasətTürkiyədə səfərdə olan millət vəkili Ceyhun Məmmədov Aziz Mahmud Hüdayi Vəqfini ziyarət edib. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: "Türkiyəyə səfərimiz çərçivəsində ölkənin aparıcı dini və xeyriyyə təşkilatlarından biri olan Aziz Mahmud Hüdayi Vəqfini ziyarət etdik. Səfər zamanı Vəqfin çoxşaxəli fəaliyyəti, eləcə də hazırda həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri ilə yaxından tanış olduq.
Qeyd etmək istərdim ki, Aziz Mahmud Hüdayi Vəqfi yalnız Türkiyədə deyil, həmçinin dünyanın 40-dan çox ölkəsində, o cümlədən Azərbaycanda da fəaliyyət göstərir. Vəqf, İslam dəyərlərinin təbliği, imkansız və ehtiyac sahibi şəxslərə yardım göstərilməsi, təhsil və sosial dəstək layihələrinin həyata keçirilməsi kimi mühüm istiqamətlərdə çox önəmli işlər görür.
Xüsusilə vurğulamaq lazımdır ki, Vəqf hər gün minlərlə insana isti yemək təqdim etməklə, həm Türkiyədə, həm də dünyanın müxtəlif ölkələrində insanlıq və yardımlaşma ənənələrinin yaşadılmasına böyük töhfə verir. Bu fəaliyyət, vəqfin əsas prinsiplərindən olan "xidmət və mərhəmət" anlayışının canlı nümunəsidir.
Bununla yanaşı, Vəqf nəzdində xarici tələbələr üçün müasir şəraitlə təmin olunmuş yataqxana fəaliyyət göstərir. Burada müxtəlif ölkələrdən gələn gənclər üçün dini, mənəvi və akademik biliklərin inkişafını dəstəkləyən təlim-tədris kursları, seminarlar və mədəni proqramlar təşkil olunur.
Bu ziyarət bizə Türkiyədə dini, humanitar və sosial fəaliyyətlərin necə yüksək səviyyədə təşkil olunduğunu, həmçinin Aziz Mahmud Hüdayi Vəqfinin beynəlxalq humanitar missiyasının geniş miqyasını daha dərindən görmək imkanı yaratdı".