Azərbaycanın BMT-dəki nümayəndəsi terrorizmə qarşı mübarizə ilə bağlı bəyanat verdi
04:50 SiyasətAzərbaycanın BMT-dəki daimi nümayəndəsi Tofiq Musayev BMT Baş Assambleyasının Altıncı Komitəsinin beynəlxalq terrorizmin aradan qaldırılması tədbirlərinə həsr olunan iclasında çıxış edib.
Teleqraf xəbər verir ki, diplomat Azərbaycanın beynəlxalq terrorizmə qarşı qlobal səylərdə fəal tərəfdaş olduğunu və bu istiqamətdə beynəlxalq əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb.
O, qeyd edib ki, 2023-cü ildən etibarən təşkil olunan Bakı Təhlükəsizlik Forumu müxtəlif ölkələrin xüsusi xidmət və təhlükəsizlik orqanlarının nümayəndələrini bir araya gətirərək terrorizmlə mübarizədə qarşılıqlı əməkdaşlığı müzakirə edir. Bu ilki Forumda 90-a yaxın ölkənin yüksək səviyyəli nümayəndələri iştirak edib.
Tofiq Musayev çıxışında Azərbaycanın uzun illər xaricdən yönləndirilən terrorizmə məruz qaldığını və işğal dövründə bəzi ərazilərin terrorçu və muzdlu qrupların fəaliyyətinə şərait yaradan "boz zona"ya çevrildiyini xatırladıb.
Diplomat vurğulayıb ki, terrorçulara amnistiya və ya erkən azadlıq verilməməli, onları himayə edən və qəhrəmanlaşdıran hallara dözümlülük göstərilməməlidir.
O, həmçinin qeyd edib ki, dövlətlər beynəlxalq öhdəliklərə tam riayət etməli, terrorizmin maliyyələşdirilməsinə qarşı hüquqi mexanizmləri gücləndirməli və nifrət yönümlü radikallaşmanın kök səbəbləri ilə mübarizə aparmalıdırlar.
Sonda Tofiq Musayev Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizəni davam etdirəcəyini, bu sahədə hüquqi çərçivənin inkişafına və beynəlxalq əməkdaşlığın güclənməsinə töhfə verəcəyini bildirib.