Cabarov: “Ermənistan hələ də Rusiyanın müttəfiqidir” – ÖZƏL

Rusiya Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin birinci sədr müavini Vladimir Cabarov bildirib ki, Ermənistan Rusiyanın müttəfiqi olaraq qalır və "vaxt hər şeyi öz yerinə qoyacaq". 

Olaylar.az xəbər verir ki, o, bu fikri "Sputnik Ermənistan"a verdiyi açıqlamada Moskva-Minsk-Astana-İrəvan-Tbilisi-Daşkənd videobağlantısı zamanı səsləndirib.

Cabarovun sözlərinə görə, Ermənistanın xarici siyasət kursu ilə bağlı müzakirələr sakit və emosiyasız aparılmalıdır. O, xatırladıb ki, Ermənistanın Avropa İttifaqına üzvlüyü məsələsi gündəmə gələndə Rusiya tərəfi açıq mövqe bildirib: "Ya Avrasiya inteqrasiyası, ya Avropa inteqrasiyası." Bununla yanaşı, o vurğulayıb ki, Ermənistan müstəqil şəkildə qərar qəbul etmək hüququna malikdir.

Rusiya senatoru həmçinin Macarıstanın Baş naziri Viktor Orbanın Avropa İttifaqının daxili böhranla üzləşə biləcəyi barədə xəbərdarlığına istinad edərək qeyd edib ki, "stagnasiya və ziddiyyətlər yaşayan quruma üzv olmaq, Avrasiya İttifaqının uğurla inkişaf etdiyi bir vaxtda, ən azı qəribə addımdır."

Cabarov əlavə edib ki, "Ermənistan bizim müttəfiqimizdir, bizi çox şey birləşdirir" və ölkədə keçiriləcək parlament seçkilərinin nəticələrinin gözlənildiyini bildirib.

Xatırladaq ki, Ermənistan parlamenti 26 mart 2025-ci ildə Avropa İttifaqına üzvlük niyyəti barədə qanun layihəsini qəbul edib. Lakin Avropa İttifaqı İrəvana rəsmi üzvlük təklifi irəli sürməyib və müxalifət bu təşəbbüsü "hüquqi absurd" adlandırıb. Baş nazir Nikol Paşinyan isə bildirmişdi ki, ölkənin Aİ-yə daxil olması barədə qərar yalnız referendumla verilə bilər, amma gələcəkdə - təxminən 20 il sonra - Ermənistanı Avropa İttifaqının tərkibində görür.

Ekspertlərin fikrincə, Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması ölkənin ÜDM-nin 30-40% azalmasına və ciddi iqtisadi çətinliklərə gətirib çıxara bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31